Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesində şahidlər çıxış etməli idilər. Lakin onlardan biri – Əziz Ağakişiyev 2012-ci il dekabrın 3-də vəfat edib. İkinci şahid Ülfət Abbasov Moskvadadır.
Bununla əlaqədar hakim Azər Orucov növbəti iclası iyulun 17-nə təyin edib və bugünkü iclası bağlamaq istəyib. Lakin H.Məmmədovun vəkilləri müttəhimin kirayədə qaldığı evdə həbsinə sanksiya vermiş Nizami polisinin müstəntiqi Ceyhun Kərimovun məhkəməyə dəvət olunması barədə vəsatət qaldırıblar.
Müdafiə tərəfi hesab edir ki, müstəntiq qanunu pozub, çünki sanksiyanı hakim verməlidir. Müstəntiqə sualların verilməsi zərurəti həm Polis İdarəsində, həm də evdə H.Məmmədovla bağlı axtarış zamanı eyni şahidlərin cəlb olunması ilə əlaqədar yaranıb.
Bundan əlavə, müdafiə tərəfi hesab edir ki, evdə axtarış aparılmasına əsas olmayıb. Müstəntiq isə öz qərarında H.Məmmədovdan narkotik maddə alanlar barədə məlumatların kompüterin yaddaşında qalmasının mümkünlüyünə istinad edib. Lakin ekspertiza zamanı istintaq bunu "unudub” və kompüter başqa məqsədlə yoxlanılıb. Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxıb və hakimlər onu təmin etməyiblər.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. O, qanunsuz narkotik maddə saxlamaqda, dövlətə xəyanətdə, millətlərarası ədavəti qızışdırmaqda ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar hesab edirlər ki, H.Məmmədov siyasi motivlərlə təqib olunur (contact.az).