Bu gün saat 14:00-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Cef Kurgen Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin ofisində həbsdə olan hüquq müdafiəçisi, "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin üzvləri ilə görüşüb. Görüşdə H.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin üzvlərindən Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli, Müsavat Partiyasının Məclis üzvü Sevinc Hüseynova, Azadlığın və Sülhün Müdafiəsi beynəlxalq hüquq təşkilatının sədri Mətləb Mütəllimli, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı, Respublika Talış Mədəniyyəti Mərkəzinin Bakı şöbəsinin rəhbəri Mehdibəy Səfərov, "Tolışon Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov, H.Məmmədovun vəkili Ramiz Məmmədov və H.Məmmədovun qardaşı Səbahəddin Məmmədov iştirak ediblər. Təxminən iki saat çəkən görüşdə H.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin həmsədri, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri A.Abdullayeva, qeyd olunan komitənin digər həmsədri R.Cəlilov və vəkil R. Məmmədov H.Məmmədovun həbsi ilə bağlı Cef Kurgenə ətraflı məlumat veriblər. Komitənin görüşdə iştirak edən digər üzvləri də Hilal Məmmədovun həbs edilərkən baş verən qanun pozuntuları, onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamların qondarma olduğunun Cef Kurgenin diqqətinə çatdırıblar. Cef Kurgen də H.Məmmədovun həbsi ilə əlaqədar adıçəkilən komitənin üzvlərinə bir neçə suallar ünvanlayıblar. Komitə üzvləri H.Məmmədovun həbs edilməsinə İran-Azərbaycan münasibətlərinin,h akimiyyətdaxili qurupşalmaların, Rusiyanın və geosiyasi vəziyyətin təsir etmə imkanlarından söz açıblar. Komitə üzvləri H.Məmmədovun həbsi və onun evində axtarış aparılılan zaman baş verən qanun pozuntularından da danışıblar. Onlar həmçinin qeyd ediblər ki, H.Məmmədova qarşı irəli sürülən ittihamlar əsassızdır və onun günahı yoxdur. Komitə üzvləri H.Məmmədovun jurnalist və hüquq müdafiəçi fəaliyyətinə görə həbs olunduğunu və bu səbəbdən də onun vicdan məhbusu kimi tanınmasını istədiklərini bildiriblər. Cef Kurgenin isə deyib ki, ilk gündən H.Məmmədovun məsələsi onların diqqətindədir və bundan sonra da bu məsələni diqqətdə saxlayacaqlar.
Cef Kurgenlə görüşdən sonra saat 16:00-da Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinin iclası olub. İclasa komitə üzvlərindən Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev, "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev, "Kür" Vətəndaş Qərargahının koordinatoru, keçmiş vicdan məhbusu Oqtay Gülalıyev, hüquqşünaslar Xalid Bağırov, Elçin Namazov və digər komitə üzvləri də qatılıblar. Məlumatda deyilir ki, iclasda H.Məmmədovun vicdan məhbusu kimi tanınması üçün komitə üzvləri və hüququ müdafiəçiləri tərəfindən Amnesty İnternational təşkilatına müraciət edilməsi müzakirə olunub. Bundan əlavə H.Məmmədovun işində adı hallanan İran İslam Respublikasinin vətəndaşı, Talışünas alim, yazıçı, publisist Ali Abdoli Hamzali oğlunun kimliyini öyrənmək üçün İran İslam Respublikasının rəhbərliyinə və İranın ölkəmizdəki səfirliyinə müraciət edilməsindən də söz açılıb.
Sonra Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünaslar qrupunun H.Məmmədovun işi ilə bağlı hazırladığı hüquqi arayış müzakirə edilib. Hüquqşünaslar qrupunun hazırladığı həmin arayışda H.Məmmədovun saxlanılması, istintaqın yaydığı məlumatla bağlı baş verən qanun pozuntuları ilə yanaşı onun saxlanılarkən fiziki zorakılığa məruz qalması, evində axtarış aparılan vaxt, cibinə narkotikin atılması, polisdə olarkən təhqir edilməsi, hal şahidlərinin protokola zorla imza atmaları və digər hərəkətlər zamanı baş verən qanun pozuntuları hüquqi əsaslarla əks olunub.
Hüquqşünaslar qrupu H.Məmmədova irəli sürülən ittihamların saxta olması ilə bağlı ittihamlardakı pozuntularla bağlı növbəti hüquqi arayışın hazırlayacağı da qeyd edilib. İclasda H.Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ya onun zaminə buraxılması da müzakirə edilib. Bundan başqa H. Məmmədovun astma xəstəliyinin ağır formasından əziyyət çəkdiyi və onun öz istədiyi həkim tərəfindən müayinə edilməsi də komitə üzvləri tərəfindən qaldırlıb. Həmçinin H.Məmmədovla bağlı bütün məlumatların beynəlxalq təşkilatlara və mətbuata çatdırılması da vurğulanıb. Sonda komitə üzvləri qeyd olunan məsələlərlə bağlı ciddi işlərin aparılması haqda qərar qəbul ediblər.
TALISH.ORG
|