Əziz dostlarım, əvvala hamınıza minnətdaram ki, bu çətin günlərdə ən ağır məsuliyyəti çiyinlərinizə götürmüsünüz. Hamınızın adını bir-bir çəkə bilməsəm də Arzu xanım Abdullayevaya, Eldəniz Quliyevə, Rafiqə, Xalidə (Zahidə də salamımı çatdırsın), Mətləb bəyə, Mehdiyə, Əliyə, Qurban bəy Məmmədova, İntiqam bəy Əliyevə, Leyla xanıma, Arif bəy Yunusa, Ərəstun Orucluya, Mehman Əliyevə, İdrak Abbasova, Emin Hüseynova, "Azadlıq”ın (həm radio, həm qəzet) kollektivlərinə, məni unutmayan və haqqımı qoruyan hər birinizə Allahdan xeyir-dua diləyirəm. Bütün talış ağsaqqallarına da (başda Cahangir müəllim, Məhərrəməli müəllim və b. olmaqla) təşəkkür edirəm.
Allaha min şükür ki, bu ölkədə haqq və ədalətin bərpası naminə geriyə çəkilməyən Sizin kimi qəhramanlar var, demək, mütləq ölkəmizin o səadətli günü – azad, demokratik və hüquqi bir məmləkət olacağı gün heç də uzaqda deyil. Rafiqin məxsusi fədəkarlığını isə xüsusilə qeyd etmək istəyirəm – axı bu gün qəzetimizin (hər ikisi) nəşri və məsuliyyəti onun çiyinlərindədir. Bilirəm ki, indi o nə əziyyət çəkir, ona hər cür dəstək olmağınızı fürsət ikən hamınızdan rica edirəm... Qəzet yaşamalıdır, mütləq yaşamalıdır! Mənə qarşı zülmün əsas motivi də bu səsi susdurmaqdır ki, inşallah bacarmazlar... Biz haqdayıq... Allah da şahiddir buna... Allah hamınıza YAR olsun, hamınızı öpür, bağrıma basıram.
P.S. Hüquqlarımı ölkədən kənarda müdafiə edənlərin də hamısına Allahdan min bir səadət, ruzi və müjdələr arzu edirəm
Hilal Məmmədov "Tolışi Sədo” qəzetinin baş redaktoru "Tolışon Sədo” qəzeti, nöm: 26 (38), 04 avqust 2012-ci il
|