Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı yenidən təxirə salınıb.
H.Məmmədovun qardaşı Səbahəddin Məmmədovun Turan-a verdiyi məlumata görə, vəkillər vəsatətlə çıxış edərək bildiriblər ki, müdafiə etdikləri şəxslə birlikdə müdafiə mövqeyini dəqiqləşdirmək üçün məsləhətləşməyə ehtiyac var. Onlar bunun üçün məhkəmədən şərait yaradılmasını istəyiblər. Hakim onların vəsatətini təmin edib. Proses fevralın 13-dək təxirə salınıb.
Hilal Məmmədov bugünki prosesə gətirilib. Lakin o, məhkəmənin qapalı keçirilməsinə etiraz əlaməti olaraq prosesdə üzünə maska taxıb, qulaqlarına pambıq tıxayıb və üzünü divara çevirib.
Hilal Məmmədovun vəkili Xalid Bağırov öz növbəsində Turan-a bildirib ki, müdafiə etdiyi şəxs istəyi olmadan məhkəməyə zorla gətirlib.
Onun sözlərinə görə, vəkillər prosesə qatılsalar da, sadəcə bu formal xarakter daşıyacaq.
"Biz də məhkəmədə susub oturacağıq və heç nə deməyəcik”, deyə vəkil əlavə edib.
Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.