Yanvarın 24-də məhbus hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovla görüşmək istəyən ailə üzvləri buna nail ola bilməyib. Hilal Məmmədovun qardaşı Səbahəddin Məmmədov "Media forum” saytına deyib ki, məhbus 14 gün karantində saxlanacaq və həmin müddətdə görüş mümkün olmayacaq: "17 saylı Cəzaçəkmə Müəssisəsi ciddi rejimli həbs yeri sayılır. Bizə karantin müddəti ərzində Hilalla görüşə bilməyəcəyimiz bildirildi. Amma görüşmək üçün yenə cəhd edəcəyik”.
Hilal Məmmədov Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsinə yanvarın 23-də köçürülüb və dərhal da insan ləyaqətini alçaldan hərəkətlərə məruz qalıb.
Vəkil Xalid Bağırov "Media forum” saytına deyib ki, Hilal Məmmədovla görüşmək üçün Penitensiar Xidmətə yazılı müraciət edib: "Hilal bəyin cəzaçəkmə müəssisəsinə köçürülməsi gözlənilən idi. Sadəcə, apellyasiya şikayətinə baxışda mübahisəli məsələ olduğu üçün prokuroru məhkəməyə vermişdik. Ona görə də məhbusun həbsxanaya köçürülməsi müvəqqəti olaraq saxlanmışdı.
Sonuncu dəfə Hilal bəylə ötən il dekabrın 26-da görüşmüşəm. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra görüş üçün mənə icazəni Penitensiar Xidmət verməlidir. Artıq müraciət etmişəm. Cavab məktubunu gözləyirəm”.
Hilal Məmmədov 2012-ci ilin iyununda tutulub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.