Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib.
Açıq dinləmələrdə 234.4.3 maddəsi üzrə ittihama (böyük miqdarda narkotik maddənin qanunsuz saxlanması və satışı) baxılıb.
H.Məmmədov bildirib ki, ittiham uydurmadır və narkotik maddəni onun üzərinə polis polkovniki qoyub. "Mənim mənəviyyatım, ictimai fəaliyyətim və dini etiqadım narkotik vasitə əldə etməmə yol vermir”, - H.Məmmədov vurğulayıb. O qeyd edib ki, hakimiyyət narkotik maddələrdən gənclərə və dini fəallara qarşı istifadə edir.
"Narkotik maddə üzrə ittiham digər ittihamlarla əlaqələndirilib”, - o vurğulayıb.
İstintaq bildirib ki, H.Məmmədov 1992-ci ildən İran xüsusi xidmətinin tapşırığı ilə narkoticarətlə məşğul olub və "talış separatizmi”ni bu vəsaitlə saxlayıb.
"Bütün bunlar cəfəngiyyatdır”, - H.Məmmədov vurğulayıb.
Onun çıxışı zamanı hakim bir neçə dəfə H.Məmmədovun sözünü kəsərək "mahiyyəti üzrə” danışmağı tələb edib. H.Məmmədov və vəkillər bundan hiddətlənərək ifadə azadlığının təmin olunmasını tələb ediblər.
Hakimin hərəkətindən qəzəblənən H.Məmmədov məhkəmə heyətinə etirazını bildirib. Bununla əlaqədar gələn çərşənbə gününə qədər məhkəmədə fasilə elan edilib.
* H.Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib. O, qanunsuz narkotik maddə saxlamaqda, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar hesab edirlər ki, H.Məmmədov siyasi motivlərlə təqib olunur (contact.az).