Главная » 2013»Март»13 » Hilal Məmmədov hüquqlarının müdafiəçilərinə müraciət ünvanlayıb
20:14
Hilal Məmmədov hüquqlarının müdafiəçilərinə müraciət ünvanlayıb
Əziz qardaş və bacılarım! Əziz dostlarım! Əziz jurnalistlər və hüquq müdafiəçiləri!
Hakimiyyət orqanlarının bütün hədə və qorxularına baxmayaraq, hüquqlarımın müdafiəsinə qalxmış hər birinizə ilk öncə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Bu mübarək mübarizədəki fədakarlığınızın müqabilində etimadınızı həm bu gün, həm də sabah bir daha doğruldacağıma söz verirəm!
Əziz dostlar! Artıq hamınıza bəlli olduğu kimi, məhkəmənin qapalı keçirilməsinin əsas səbəbi heç də olmayan "dövlət sirri” yox, bilavasitə iyrənc oyunlarının ört-basdır edilməsinə xidmət edir. Hətta bu "qapalı” məhkəmədə mühafizəçi kimi iştirak edən əsgər və ədliiə nəzarətçiləri belə şok əhvali-ruhiyyəni yaşayırlar.
Dindirilən ilk 5 şahid barəmdə heç bir tənqidi fikir söyləmədi. Amma son məhkəmə iclasına gətirilən,1973-cü ildən 40 il ərzində (hətta zindanda) yüzlərlə insanları məhv etmək üçün istifadə edilən agent-provakator, əsas üzdəniraq şahid Elman Quliyev isə şər və böhtanları mənim də ünvanıma yaxmağa başladı.
Guya mən, İrandan külli miqdarda narkotika alıb-satmış və bunun müqabilində əldə etdiyim maliyə ilə Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərmişəm.
Elman Quliyev həbsimdən 2 gün öncə cəza çəkdiyi 7 saylı CCM-də barəmdə sifarışlə ərizə yazmış və sonra hakimiyyət orqanları cibimə də narkotika soxmuşlar.
Əlbəttə ki, bu kimi qeyri-qanuni, iyrənc üsullarlarla bizi həbs etdirənlər Allahın qəzəbinə düçar olacaqlar. Sadəcə olaraq, bu hər birimizdən səbr və təmkinlə, mübarizə əzmini itirmədən haqqlarımızın bərpası naminə səylə çalışmağı tələb edir. Ölkəmizin və xalqlarımızın xoşbəxt və azad gələcəyi naminə aparılan bu birgə mübarizəmizdə hər birinizə Allahdan min-bir xeyir-dua diləyirəm. Allah Sizi qorusun! Allah o xoşbəxt günümüzü görməyi hamımıza nəsib etsin, inşallah!
Yalnız bizim birliyimiz Azərbaycanın azad, demokratik və hüquqi dövlət kimi bərqarar olacağına vəsilə olacaqdır, inşallah! Allah amanında, ey mənim əzizlərim!