Barəmdə yayımlanan "bəyanatla” bağlı olaraq bildirirəm ki, bu yaxınlarda hakimiyyətin rəsmi nümayəndələri tərəfindən mənimlə BİT-də (Bakı İstintaq Təcridxanası) görüşərək, mənə qarşı təşkil olunmuş bu iyrənc və qondarma ittihamların heç bir əsasının olmadığı barədə ölkə rəhbərinin də artıq məlumatlı olmasını və yaxın 5 – 6 gündə həm özümün, həm də digər siyasi məhbusların azad ediləcəyi vədini eşidib, xeyli sevindim... Bir neçə ay öncə yazdığım "Yaşasın vahid evimiz Azərbaycan!” adlı yazıma bir neçə kəlmə də hal-hazırdakı prezidentin müsbət addımları barədə əlavə etməklə nə müxalifətə, nə mənə həmişə dəstək verənlərə heç bir xəyanət etmədiyimi, əksinə, hər iki tərəfi barışığa səsləyəcək addım atdım. Güman edirəm ki, mənim tərəfimdən atılan bu addım ölkəmizin səadətli gələcəyi naminə xoşməramlı niyyət olub, cəmi siyasi və vicdan məhbuslarının azadlığı naminə edilmişdir.
Lakin bu o demək deyildir ki, mən ölkəmizin demokratik düşərgəsinə, o cümlədən Milli Şuraya qarşı çıxıram. Əsla yox!
Qarşıdakı seçkilərdə cəmi namizədlərə, o cümlədən özümə həmişə USTAD hesab etdiyim Cəmil Həsənliyə də uğurlar diləyirəm.
Ümidvaram ki, HAQQ və ƏDALƏT zəfər çalacaq.
Məni qınayacaq və qınamaq istəyən bəzi qardaş – bacılarıma isə qətiyyətlə bildirirəm: bu məqaləm nə "bəyanat”, nə "əfv ərizəsi”, nə də ki, kiminsə əleyhinə, ya tərifinə həsr edilmişdir. Bunu insanların barışığı naminə bir güzəştli addım hesab edin... Mən öz əfv ərizəmi hələ həbsimin ilk günlərində "Zindannamə”(və ya Xaliqimə əfv ərizəm”) başlığı altında Cənabi HAQQa yazmışam və digər bir kimsəyə müraciət də oluna bilməz!
Neylək, biz bir addım atdıq, görək hakimiyyət sözünün üstündə dayanıb, cəmi siyasi məhbusları seçkiyəcən azad edəcəkmi???
Sonda bir ricam da var: Zindanda azad olmayan bir cismin ruhunun da tam azad olmadığını nəzərə alaraq, digər məhbus qardaş – bacıları qınamayın...İnşallah, HAQQ gec-tez öz yerini tutar...
Adına mükafatı aldığım rəhmətlik İsaxan Aşurov da həmişə barışıq və güzəştə getməyi təklif edərdi...
Bir daha cəmi müdafiəçilərimə qətiyyətlə bildirirəm: mən və digər siyasi məhbuslar heç vaxt öz əqidə və ideyalarına xəyanət edə bilmərik. Mən özümü həm siyasi, həm də vicdan məhbusu sayıram!
Neylək, görək hakimiyyət bu "5-6 gündə” növbəti müsbət addımlarını atacaqmı???
Sonda: məni heç kim sındıra bilməz! Həmişə sülhməramlı mövqedə olmuşam. Mənə dəstək vermiş hər kəsə, o cümlədən müxalifət liderlərinə və jurnalistlərinə də bəyan edirəm: Siz mənim əziz qardaş – bacılarımsınız. Bu addımı isə hamımızın xeyrinə etdim. Qüsurlarıma görə də haqqınızı halal edin...
Hörmətlə:
Hilal Məmmədov
vicdan məhbusu,
29 avqust 2013-cü il il