Azərbaycan məhkəmələri ədalət anlayışını itirib
Biz tam cəsarətlə deyə bilərik ki, Azərbaycan məhkəməsi ədalət hissindən məhrum olmuşdur. Son onilliklədə siyasi konteksli işlərdə bircə dənə də məhkəmə qərarı olmayıb ki, onu ƏDALƏTLİ adlandırmaq olsun. Bu biabırçılıq və dövlətçiliyimizə qəsddir.
Müstəqil Məhkəmə hakimiyyəti olmayan ölkə tənəzzül etməyə məhkumdur. Bu gün Azəri-Talış İctimai Birliyinin qeydiyyat məsələsi ilə bağlı növbəti məhkəmə iclası keçirildi. Bu dəfə artıq işə Apelassiya məhkəməsi baxırdı. Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də hakimlər işə baxmadan, mahiyyətə varmadan hazır qərarla gəldilər və heç bir əsas, dəlil-sübut gətirmədən Birliyimizi dövlət qeydiyatından keçməsinə YOX dedilər.
Qəribədir, qanunların keşiyində durmalı olan bir qurum çox böyük ləzzətlə özü qanunu pozur və bundan zərrə qədər də olsa vicdan əzabı çəkmir. Belə çıxır ki, SİFARİŞ var! SİFARİŞ var ki, adında Talış sözü olan bir qurumu nəinki qeydiyatdan keçirtmək, onu elə beşiyindəcə məhv etmək lazımdır. Heyhat! Düz deyiblər ki, hakimlərin rüşvətlə işləməsi, onların SİFARİŞlə işləmələrindən yaxşıdır.
Ədalət Məhkəməsi ədalətsiz olan bir məmləkətin axırı necə olacaq, İlahi?!
Seyran Rəfiyev
Azəri - Talış ictimai Birliyinin sədr müavini
Azərbaycan Ziyalılar Birliyinin sədr müavini
14.01 2014