Sənə ünvanlanan acı söz, qarğış yoxdur daha, hamısı deyilib
"Ay uzun saç, qara göz, ağıllı xalqım mənim. Atam almış mənim üçün rəngli ölkə və kürsü...”
Sən bu xalqın atasısan, babasısan, ulu öndərisən, bilmirəm! Bircə onu onu bilirəm ki, Sən bu ölkənin mərhum başçısısan. Deyirlər ki, o dünyaya köçəndə mərhumları birinci Inkir-Minkir qarşılayır, sorğu-sual edir. Amma mən buna inanmıram! O dünyada mərhumları birinci qarşılayan ən sonda ora gedən dövlət başçısı olur. Hər dövlət başçısı öz ölkəsinin vətəndaşını qarşılayır. Doqquz ildir o dünyaya gələn Azərbaycan vətəndaşlarını qarşılamağı Sənə tapşırıblar yəqin ki. Çatdıra bilirsənmi təkbaşına? Üzülürsənmi, utanırsanmı, sinəsinə güllə dəyən əsgərləri, boğazına kəndir keçirən kişiləri, özünü eyvandan atan qadınları, vitaminsizlikdən bir dəri, bir sümük olan körpələri qarşılayanda? Hər yerdə heykəllərin, oğlunla çəkdirdiyin şəkillərin gözümüzə girir. Amma görmürük Səni, buna əmin ol! Ölkənin bütün radio-televiziya kanallarında səsinin lent yazıları var, gündə səsləndirsələr də, eşitmirik Səni. Buna inan! Sənə ünvanlanan acı söz, qarğış yoxdur daha, hamısı deyilib. Sənin üçün ən ağır qarğışlar tükənib. Susuruq. Sayəndə kor, kar, lal olduq, bir sözlə, doqquz milyon əlil olduq. Amma ürəklərimiz hələ yerində. Ah, bir bilsəydin, bir görsəydin ürəyimizdə olanları. Deyərdin, kaş, doqquz milyonun gözünə girməkdənsə, bir insanın qəlbində yaşaya biləydim. Çünki bir insanın qəlbində yaşamaqdır XOŞBƏXTlIK! Insanların zorla gözünə girməksə ən böyük BƏDBƏXTLIK!
Elə bilirsən səni tərifləyənlər, sənə heykəl qoyanlar, şeir-poema, nəğmə həsr edənlər, şəkillərini hara gəldi yapışdıranlar sevirlər səni? Yox, vallah, yox! Onlar daha çox qazanmaq, varlanmaq üçün görürlər o işləri. Onlar kuklasına mahnı oxuyan balaca bir qızcığaz qədər də səmimi deyillər: "Ay uzun saç, qara göz, ağıllı kuklam mənim. Gəl, ”Əlifba" oxuyaq, sən şagird ol, mən müəllim...". Mən də balacalıqda çox sevirdim bu mahnını. Amma həmişə yarımçıq oxuyurdum. Çünki mənə elə gəlirdi ki, mən o mahnını sona kimi oxusam əsgidən düzəltdiyim gəlinciyimi aldadaram: "Atam almış mənim üçün rəngli qələm və dəftər...”. Axı mənə atam heç vaxt rəngli qələm və dəftər almamışdı, yalandan necə oxuya bilərdim? Ağlım kəsəndən yataq xəstəsi olan atam bir yaz səhəri vəfat etdi. Bax elə həmin ildə sən xalqa "mən sizin atanızam!” dedin. Atamız ola bilmədin, çünki olsaydın, anam imkan edib, hər gün, ən azından bir dəfə, qaça-qaça dükana gedib həsrətlə baxdığım, heç vaxt toxuna bilmədiyim, arzusunda olduğum kuklanı mənə alardı. Sənin sayəndə valideynlərimin mənə qoyduğu adın da həzzini yaşaya bilmədim heç vaxt: əsgi gəlinciyimə görə rus rəfiqələrim mənə Kozetta deyirdilər. Mən kuklasız böyüdüm və sənin vədlərini dinləyəndə içimdə bir ümid var idi ki, ölkənin sonuncu acı çəkən, oyuncaqsız böyüyən uşağı mən olaram. Sənin zamanında analar övladlarına istədikləri oyuncaqları ala bilmirdilər, indi isə balaca uşaqlar doyunca çörək yeyə bilmirlər. Böyükləri başqalarının kuklası olan millətin uşaqları oyuncaqsız böyüyər, acından ölər. Bilirsənmi, sənin bir heykəlinə xərclənən pulla ölkədəki bütün balaca qızlara kukla almaq olar? Bilirsənmi, Sənin şəkillərinə, kitablarına xərclənən pulla ölkədəki bütün ac uşaqlara 18 yaşına kimi gündə üç dəfə yemək vermək olar? Yəqin, indi qarşıladığın ən çox ölülər acından o dünyaya köçənlərdi...
Bu ölkədə bizi yaşadan nə xatirə var idisə, hamsı silindi, rəngləndi, sındırıldı, məhv edildi. Hətta uşaqlıq xatirəmiz olan mahnılarımız da dəyişdirildi. Indi heç kim ürəklə şeir, mahnı oxumur, bircə oğlundan başqa: "Ay uzun saç, qara göz , ağıllı xalqım mənim. Atam almış mənim üçün rəngli ölkə və kürsü...”.
Bu məktubu özüm də hiss etmədən "sən”-lə yazdım. Əgər yeri-göyü, Ayı, Günəşi, zövq verən bütün gözəllikləri yaradana "Sən”lə müraciət ediriksə, nədən, cənnət kimi bir ölkəni cəhənnəm edənə "sən” deməyək?! Sənə yazılan bu məktubu heç bilmədim hansı ölüyə verim, çünki bütün XALQ ölüm ayağındadır...
Məlahət AĞACANQIZI Azadlıq Qəzeti
|