Allah sənə rəhmət eləsin, Hacı! Gəl bax canından, malından çox istədiyin Azərbaycana. Bax gör bu YAP (Yalançı Azərbaycan Partiyası) hakimiyyəti, sənin xalqa hədiyyə etdiyin Şollar suyunu necə satır? Hətta məsrəf edilənlərə görə ölkə başçısı "humanizm” nümayiş edərək, "su borclarını”, digər saxta işıq və qaz "borclarını” silməklə öz "blatını” necə qaldırır?
Deyirlər, "borclu borclunun sağlığını istər”! Şəhər əhalisinin məsrəf etdikləri suya görə hökumətə borclu olmaları məsələsini bir qədər arxa plana çəkərək, görək məzlum, yaltaq, riyakar və sair bu sayaq hala salınmış, cismən diri, mənən ölü, çürüməkdə olan bəzi hökumət təmsilçilərinin bu günü barədə nə bilirsiz?
Qeyd etdiyim zümrənin bəzi nümayəndələri ilə görüşüb təmasda oluram. Çalışıram ki, onların dünyada gedən proseslərə baxışları yetkinləşsin, insan haqlarına, qəbul olunmuş hüquq normalarına əsaslansınlar. Əfsuslar olsun ki, rüşvətxorluq və korrupsiya bunların sifətində olan insanlıq nurunu tamamilə silmişdir.
İctimaiyyətdə görüb-rastlaşdığım bəzi məqamları diqqətinizə çatdırmağı özümə borc bildim.
Bir gün kənd çayxanasına daxil oldum. Ağız deyəni qulaq eşitmirdi. Hər kəs hakimiyyətin rüşvətxorluğa və korrupsiyaya qarşı məlum kosmetik kompaniyasından, bu fonda "ünvanlı sosial yardımın” "əlli-əlliyə” verilməsindən danışırdı.
Bir stol ətrafında əyləşən üç nəfər isə tam fərqli olaraq gah sovet-kommunist hökumətini, gah da YAP-ın əhalini müharibədən yayındırdığından, sakitçilikdən və körpü tikintisindən danışırdı. Onlardan biri Füzuli rayonundan gələn qaçqın idi (Hələlik o biri iki nəfərin kimliyini açıqlamıram). Onların söhbətinə qarışdım və cavablarını yaxşıca verdim...
Əlbəttə, həmən gün o çayxana bizim Milli Məclisdən bir o qədər fərqlənmirdi. Fərqi o idi ki, burada hakimiyyəti tərifləyən təkcə bu üç zat idi. Bir bunlara baxın, əhalinin adına nahaqdan heç nədən qabaqcadan borclar tətbiq olunur, xalqdan təpki alanda ləğv edilir, hakimiyyət "yaxşı adam” imici , şans qazanır. YAP funksionerləri də hakimiyyətin kartof, soğan, xiyar, pomidor, yumurta siyasətinin "uğurlarından” danışır, "telekanalizasiyalarda” gen-bol hesabat verirlər, öz-özlərinə fəxr edirlər...
Bəzən şəhəri kəndlə müqayisə edirəm: Şəhərdə əhalimiz suyu da pulla alıb, hökumətə borclu qalırsa, məncə, bu dözülməz yaşayış həddidir. Azərbaycanın iqtisadi, sosial-siyasi palitrasına bir rəssam gözü ilə baxanda belə qənaətə gəlmək olar ki, doğrudan da, bu gözəl ölkəmizdə "Hər gün Kərbəla, hər gün Aşuradır”!
Allahın lənətinə gəlmiş Yezid hökuməti də əhli-beytə su verməmişdi... İnsan adlanan məxluq nə qədər simasız olmalıdır ki, hakimiyyətin əhalinin yalançı su borcunu silməsini böyük bir bayram, "humanist” addım kimi dəyərləndirib, şəninə təriflər deməlidir?
Əziz oxucu, de görüm, adı ürəklərdə əbədiləşən Hacı Zeynalabidin Tağıyevin öz xalqına təmənnasız çəkdiyi Şollar suyunu bu hökumətin pulla satmağa haqqı var, ya yox?
DADAŞİ Mətləb, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, metleb.dadasov.56@mail.ru
|