Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimov mətbuata müsahibəsində kinodramaturq Eldəniz Quliyevin İranla ticarət apardığını bildirib: "Neçə müddət idi ki, ortalıqda yox idi. İndi özü deyir ki, bizneslə məşğul idim. Sual verin, nə biznesi ilə məşğul idin, hansı ölkə ilə ticarət mübadiləsi aparırdın? Mütləq İranla ticarət mübadiləsi apardığı aşkara çıxacaq. Bəli, İran müəyyən separatçılara biznes şəraiti yaradır ki, dolansınlar”.
Kinodramaturq Eldəniz Quliyev AzNews.az-a açıqlamasında onu İranla ticarətdə ittiham edən Hacıbaba Əzimovu "adsız adam” adlandırıb: "Eldəniz heç zaman yoxa çıxmayıb. Çox təəssüf ki, yalan bəzi adamların yaşam tərzinə çevrilib. Yalan onların həyatının prinsipidir. Hacıbaba müəllimə bütün hörmətimlə bildirirəm ki, son zamanlar onun kimi adsız adamlar meydana gəlib. Adını iki yerə bölsək o, nə hacı kimi hacıdır, nə da baba kimi baba. Ağsaqqal kimi də o, mənim üçün mövcud deyil. Deməli, o, adsız adamdır. Mən də adsız adamlar barəsində fikir yürütməyi özümə sığışdırmıram. O ki qaldı İranla biznesimə, onun nəzərinə çatdırmaq istəyirəm ki, mən hər yerə bağlıyam. Ayağım yerdə, əllərim göydədir. Mən Rusiya, Amerka, İranla da bağlıyam. Amma əsas ürəyim Azərbaycandadır. Bizi Afrika qitəsində qvineyalılar maliyyələşdirir. Əgər Hacıbaba müəllim istəyirsə, mən onu da bu biznesə şərik qoşa bilərəm. Biri var bilməyib danışsın, biri də var bilərəkdən. Mən onu qınamıram. Bilərəkdən yalan danışmaq şəxsiyyətin deformasiyaya uğramasıdır. Bəzi insanlar yaşlaşdıqca müdrikləşir, Hacıbaba kimi adamlar isə bunun əksinə gedir”.