Göylərə baş vurur Talış dağları,
Hər qarış torpağı cənnətməkandır.
Qoynunda bir kənd var, canlı mirvari,
Adı da qəribə - "Azərbaycan"dır!
Bəlkə hər daşını, hər qayasını,
Gunəş öz nuruna qərq eləyəndə,
Bir oba, bir elat öz anasının
Adını qoyubdur bu doğma kəndə?!
Bəlkə ildırımdan qılınc taxanda,
Bu kəndin adını Babək qoyubdu?
Qəlbini intizar, niskil sıxanda,
Ad yox, sevgi dolu ürek qoyubdu?
Ad qoyub... bu adda ofsun, sehr var,
Bu kənd bir ananın gul balasıdır.
Ad qoyub... həddini qansın yağılar,
Bura qartal yurdu, Bəzz qalasıdır!
Durur "Azərbaycan" dağlar qoynunda,
Başlanıb xoşbəxtlik, səadət dəmi.
Gizli cazibə var zumrud donunda
Bir qəlbdə bir damla məhəbbət kimi.