Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) yaydığı bəyanatda hakimiyyətə çağırış edib.
HAMİ-dən Turan-a daxil olan bəyanatda deyilir ki, həbsdə olan AİP üzvü Rufulla Axundzadənin səhhəti pisdir. O, sonuncu dəfə bu il mayın 8-də miokard infarktı keçirib. Hazırda həyatını itirmək təhlükəsi ilə üzləşib.
"Azərbaycan hakimiyyətinin məhbuslara qəsdən etinasız yanaşmaqla onların ölümünə şərait yaratmasını qətiyyətlə pisləyirik. Müalicə Müəssisəsində müalicəsi mümkün olmayan Rufulla Axundzadənin dərhal azadlığa buraxılmasını tələb edirik!”, - bəyanatda deyilir.
Sənəddə deyilir ki, R. Axundzadə vəfat edərsə, bunun məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində qalacaq.
Qeyd edək ki, R.Axundzadə 2011-ci ilin yanvarında İslam Partiyasının rəhbəri Mövsüm Səmədov və bir qrup fəal ilə birlikdə həbs olunub. O 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu qrupda olan məhkumlardan biri, İslam Partiyası sədrinin müavini Vaqif Abdullayev 2012-ci ilin yayında həbsxanada ağır xəstəlikdən vəfat edib. Hüquq müdafiəçilərinin çağırışlarına baxmayaraq, onun son günlərini doğmaları ilə keçirməsinə imkan verilməyib.
|