Rafiqin "Mən hazır!”-na "Mən də hazır!” deyiləcək gün uzaqda deyildir.
Hüquqlarımın müdafiə komitəsinin həmsədri, baş redaktoru olduğum "Tolışi Sədo” qəzetinin məsul redaktoru və "Tolışon Sədo” nun təsisçisi olan qəhrəman Rafiq Cəlilovun növbəti cəsarətli "Mən hazır...” adlı yazısını oxuyub, xeyli fərəhləndim... Ürəyimdə "demək, heç də səhv etməmişik, estafet etibarlı əllərdədir!”, düşünüb, rahatlandım... Qəlbimizdə buna da bir şəkk qalmadı ki, onun "mən hazır!”-na "mən də hazır” deyib, əlindəki estafeti cəsarətlə digər qəhrəmanlara ötürəcək igidlər ordusu artıq yetişməkdədir... Qəlblərindən ölüm ya zindan xofunu qovmuş Rafiqlər ordusunu isə daha heç bir kəs nə ciblərə "narkotika atmaqla”, nə "vətənə xəyanətlə” və i.a. kimi absurd uydurmalarla susdura bilməcəyi də aşkardır... Əksinə, bu qəhrəmanlar özlərinin daha cəsarətli yazıları, məqalə, şeir və nəsrləri, digər aktiv fəaliyyətləri ilə realda kimin narkotika daşıyıcısı, "vətən xaini” olduğunu, sifarişlə işləyən müstəntiqlərin, əməliyyat işçilərinin, yalançı ekspert və şahidlərinin, prokuror və hakimlərinin əsl üzünü aşkara çıxaracaqlar... Kiçik HAQQ-hesab günü lap yaxındadır...
Odur ki, nə mənim, nə Rafiqin, nə də digər birimizin əleyhinə müxtəlif xarakterli "kompromant”, "donos” və i.a. məlumatların yığılmasından qətiyyən narahat olmağa dəyməz: əksinə, ruslar demişkən, "vse, çto delaet Boq, k luçşemu!” prinsipini əldə əsas tutaraq, həm o "donosbazlara”, həm də onların naqis əməlindən yaraqlanan o "hüquq-mühafizə orqanlarına” maksimum iş şarəiti yaratmaq lazımdır ki, günlərini orda-burda boş-bekar keçirtməsinlər. Qoy, bizi daha da yaxından öyrənib, tədqiq etsinlər, bəlkə də sabah o şəffaf və xeyirxah işlərimizdən bir ibrət götürüb, peşimançılıq çəkdilər və hətta o qəhrəman ordumuza bir əsgər olmaq ümüdi ilə növbəyə durdular...
Odur ki, bir daha üzümü qəhrəman qardaşım Rafiqə və Rafiqlərə tutub deyirəm: zamanın bugünki, xırda-mırda dalğalarına və içərisində atılıb-düşən o xırda-mırda yırtıcılara qətiyyən fikir vermədən, GƏMİNİN sükanını möhkəm saxlayın... İnşallah, xalqın hər bir övladının "mən də hazır!” deyib, o həzin Giləvo mehinin mübarək ətriylə "Giləvo, ay Giləvo, boy, boy, boy, boy...” xorunda toplaşacaq gün heç də uzaqda deyildir!!!
Hilal Məmmədov, dosent, fizika-riyaziyyat elmləri namizədi, "Tolışi Sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, 26.08.2012. Kürdəxanı "Tolışon Sədo” N: 29(41) 31 avqust 2012
|