Главная » 2012»Сентябрь»7 » Foreign Policy Əliyevlər ailəsinin sərvətləri haqqında
00:29
Foreign Policy Əliyevlər ailəsinin sərvətləri haqqında
Amerikanın Foreign Policy jurnalı sentyabrın 5-də "Corrupistan” adlı böyük məqalə dərc edib. Məqalədə Mərkəzi Asiyada və Azərbaycanda hakim ailələrin sərvətlərindən bəhs edilir.
"Azərbaycan prezidentinin ailəsi sərvətini ölkənin gəlirli neft sektorunda əldə edib. 1993-cü ildə hakimiyyəti ələ keçirmiş prezident Heydər Əliyevin dövründə oğlu İlham 7 milyard neft barelinə nəzarət edən SOCAR şirkətinin vitse-prezidenti vəzifəsində işləyirdi. 2003-cü ildə Heydər Əliyev öldükdə ciddi şəkildə nəzarət altında olan seçkilərdə prezidentlik İlham Əliyevə ötürülüb”, deyə məqalədə bildirilir.
Azərbaycanın qanunları hökumət məmurlarının, o cümlədən prezidentin biznesə malik olmasını qadağan edir, amma ailə üzvləri üçün belə məhdudiyyətlər yoxdur. "Azadlıq” radiosunun araşdırması nəticəsində İlham Əliyevin övladlarının adına qeydiyyatdan keçmiş ofşor şirkətləri və elit daşınmaz əmlakı əks etdirən uzun siyahı aşkara çıxarıb. Məsələn, onun 27 və 23 yaşlarında olan qızları Leyla və Arzu Əliyeva sözün əsl mənasında qızıl külçəsinin üstündə oturub. 2007-ci ildə hakimiyyət Çovdar kəndi yaxınlığında qızıl mədəninin 70%-ni International Mineral Resources Operating Company-yə (AIMROC) verib.
Qalan 30%-i dövlət özündə saxlayıb. Çovdarın ehtiyatları ümumi dəyəri 2,5 mlrd. dollar olan 44 ton qızıl və 164 ton gümüş təşkil edir. AİMROC faktiki olaraq Panamada Leyla və Arzu Əliyevaların adına qeydiyyatdan keçmiş üç holdinq tərəfindən idarə olunur.
Digər araşdırmalar nəticəsində digər sənaye sahələrində - kommunikasiya, bank, aviasiya və s. sahələrdə də analoji qurumlar olduğunu aşkara çıxarıb.
Washington Post-un məlumatına görə, prezidentin övladları Dubayda 75 milyon dollar məbləğində daşınmaz əmlak əldə edib.
Leyla Əliyeva ailəsinin müxalifətçilərə qarşı zorakılıq, blogerlərin və jurnalistlərin həbsi ilə ləkələnmiş imicini yaxşılaşdırmağa çalışır. O, bunu vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun xeyriyyə aksiyaları yolu ilə edir.