Bakıda general Həzi Aslanov meydanındakı möhtəşəm Millətlər Evinin Böyük mətbuat zalında “Sıə Tolış” qəzetinin yaranmasının 100-cü il dönümünə həsr olunmuş təntənəli yubiley yığıncağı kecirilmişdir. Yığıncağı giriş sözü ilə açan “Toloşi sədo ” qəzetinin baş redaktoru S.Bandıkuj qəzetə göstərdiyi atalıq qayğısına görə respublika rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.
Prezident administrasiyanın yüksək rütbəli nümayəndəsi iştirakcıları gözəl bayram münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talışların ilk mətbu orqanı “Sıə Tolış” qəzeti həmişə ölkə xalqlarının sarsılmaz dostluğunu tərənnüm etmiş, respublikanın cənub-şərqində ictimai, siyasi, iqtisadi və mədəni həyatı yüksək peşəkarlıqla, obyektiv əks etdirmiş, zamanında dövlətin milli-mədəni siyasətinə güclü dəstək olmuşdur. Qəzetin nəşr olunduğu 30-cu illər sövet dövlətinin çox ziddiyyətli dövrünə təsadüf etsə də, talış ədəbi dilinin formalaşmasında və talışdilli jurnalistikanın araya gəlməsində onun mühüm rolu olmuşdur. Natiq qeyd etmişdir ki, həmin qəzetin mənəvi varisi “Toloşı sədo” qəzeti gözəl tarixi ənənəni davam etdirərək “Tolış TV”, ”Radio Maştə-paşo” və “Kadusi” ədəbi jurnalı ilə birlikdə bu gün talış milli mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynamaqdadır.
Tədbirdə Güney Talışını təmsil edən çoxsaylı nümayəndə heyətinin üzvləri, Rusiyanın, Avropanaın və Amerikanın talış diaspor təşkilatlarının nümayəndələri, habelə respublika kürd, ləzgi, avar mədəniyyət mərkəzlərinin rəsmiləri, rus və yəhudi icmasının rəhbərləri , ”Əmə hələn mandəmon” tat qəzetinin redaktoru da çıxış etmiş, arzularını bildirmişlər.
Sonra yığıncaq iştirakçıları “Pal-mali”şirkətlər qrupunun sponsorluğu ilə təşklil olunmuş xüsusi təyyarə reysləri ilə Astaraya uçmuş, Ərçivan kəndində mərhum professor N.Məmmədovun məzarına tər əklillər qoymuş, Pensər kəndində “Zülfüqar Əhmədzadə poeziyası” muzeyinə və Lənkəran şəhərindəki “Talış milli mıtbuat mərkəzinə” baş çəkmişlər.
Tədbirin bədii davamı olaraq Xəzər-Lənkəran futbol komandasının stadionunda bu münasibətlə təşkil olunmuş konsertdə “Nənələr”, ”Nəvələr”, ”Nəticələr” və “Tibicələr” vokal qrupları, ”Talışkonsert” birliyinin solistləri, Milli Şou TV kanalının ”Kiçik, orta (paltarkəsdi) və böyük toylar kralı” şousunun müxtəlif vaxtlarda qalibləri olmuş müğənnilər, görkəmli şoumenlər və respublikanın əməkdar tamadaları rəngarəng proqramla çıxış etmişlər.
Cabbar ƏLİYEV