İnsanlarımızn, məlum səbəblərdən qonşu Rusiya və digər ölkələrə axını, bölgəmiz üçün bir sıra problemlər yaradıb. Bunlar əsasən, xaricdə qarışıq nigahlardan dünyaya gəlmiş "itmiş nəsillər", bölgəmizdə başçısız böyüyən ailələrdə uşaqların və qadınların mənəvi, maddi sıxıntıları, miqrantlarımızın böyük qisminin "çörək" arxasınca düşməklə başları qarışaraq, maariflənmə sahəsindəki durğunluq səbəbindən, bölgəmizə gətirdiyi "buket" xəstəliklər...
Bu dəfə "buket” xəstəliklərdən biri olan "İİV”, yəni İnsanın immun çatışmamazlığı virusu infeksiyası və bu infeksiyanın sonunda ağırlaşma və son nəticə kimi meydana çıxan xəstəlik əlamətlərinin cəmindən - QİÇS dən (qazanılmış immun çatışmamazlığı sindromundan) danışacağıq.
2009 cu ildə Lankonda 3 yaşlı körpənin "İİV” daşıyıcısı olmasi xəbəri məni çox kədərləndirmişdi. Ölkənin statistik göstəricilərində "İİV” daşıyıcıları və "QİÇS” dən ölüm hallarının sayının böyük faizinin Talış bölgəsinin payına düşməsi, ölkə üzrə epidemiyanın mərkəzinin Lankon şəhəri olması, bu xəstəliyə nə dərəcədə ciddi yanaşmağımız üçün həyacan təbilidir.
(Talış bölgəsi üzrə hazırda 360 nəfər QİÇS xəstəsi var ki, bunlardan da 187 nəfəri Lankon, 78 nəfəri Ostoro, 66 nəfəri Masallı, 22 nəfəri Cəlilabad, 4 nəfəri Lik, 3 nəfəri Yardımlı rayonlarının payına düşür.)
İİV - ə yoluxma yolları bunlardır:
1. Cinsi yolla
2. Damardaxili inyeksiyalar yolu ilə (narkomaniya, qan köcürmə zamanı, tibbi alət və qadın salonlarındakı manikür-pedikür alətləri ilə)
3. Transplasentar ( yəni, xəstə anadan dölə cift vasitəsilə keçmə)
Nəinki bölgəmizdə, ölkəmizdə də QİÇS daha çox narkomanlar arasında yayılmışdır. Lakin son 4 ildə QİÇS - in miqrantlar arasında daha çox yayıldığı bildrilir.
İİV daşıyıcısı sağlam görünüb, xəstəliyindən xəbərsiz ola bilər. Tədricən virus immun hüceyrələrini məhv edərək, immun sistemin infeksiyalara müqavimətini heçə endirir. Çəkinin izah olunmayan itirilməsi, uzun müddətli qızdırma, ishal, öskürək, xroniki və səbəbsiz kandidoz (göbələk) xəstəliyi, boyunda və qoltuqaltında vəzilərin böyüyərək, ağrılı olması xəstələri narahat edir. İİV-ə yoluxma nəticəsində, immun sistem tamamilə zəifləyir və bu virusun daşıyıcıları asanlıqla yoluxucu və qeyri yoluxucu xəstəliklərə düçar olub, dünyalarını dəyişirlər. Xəstəliyin qorxulu olma səbəbidə budur, yüz faiz letallıq (ölüm).
Bu il QİÇS adlı bəlanın alimlər tərəfindən aşkarlanmasının, 30 ili olacaq. Bizdə, hamılıqla bu xəstəliklə mübarizəyə, ən azından başlamalıyıq. Xəstəliklə mübarizə tədbirləri müxtəlif cür aparıla bilər. Region tv -də reklam (xəbərdarlıq) roliklərinin verilməli, təhsil-tədris müəssisələrində maariflənmə işləri aparılmalı, ən əsası isə miqrantlara yoluxucu xəstəliklər barədə ətraflı məlumat verilməlidir. Düşünürəm ki, əlinə xarici pasport alan, ölkəni tərk edən hər bir şəxsi məlumatlandırmaq lazımdır. Eyni zamanda xəstəliyin aşkarlanması, İİV daşıyıcısı olanların diaqnozlarının düzgün qoyulması böyük əhəmiyyətə malikdir, ən azı digərlərini yoluxdurmamaq baxımından.
Əziz miqrant soydaşlarımız, diqqətli olun, bizə belə "hədiyyə" gətirməyin.
Pərvanə Fətullayeva, Həkim-terapevt, Moskva
|