Azərbaycan Ombudsmanı 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə növbəti hesabat təqdim edib.
Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus həmin hesabata menasibət bildirərək deyib ki, ombudsmanın hesabatında nələrin yazılmasının onun üçün əhəmiyyətini itirib.
Leyla Yunus qeyd edib ki, bu qənaət onda ötən həftə E.Süleymanova ilə keçirdiyi görüşlərindən sonra daha da möhkəmlənib: "Keçən həftə mən ombudsmanla iki dəfə görüşdüm. Birinci dəfə Amerika səfirinin iqamətgahında görüşdük. İkinci dəfə isə Piter Semnebi ilə görüş təyin olunduğu gün, 25 fevralda görüşdük. Hər iki görüş zamanı ombudsmanla söhbətim oldu. Hər iki halda müzakirə mövzusu bir idi, işgəncədən danışdıq. Bildiyiniz kimi, biz hər il işgəncələrlə əlaqədar məlumat hazırlayırıq. Mən özüm hazırda İşgəncələr Əleyhinə Beynəlxalq Komitənin İdarə Heyətinin üzvüyəm. Bu təşkilatda Azərbaycanda baş alıb gedən işgəncə faktlarına diqqətlə yanaşırlar. Mənim fikrimcə, bu, vətəndaşların insan haqlarının pozulması ilə bağlı ən dəhşətli faktdır. Bizim təşkilatın hazırladığı hesabatlar isə hər yerdə çap olunur, yayılır. Azərbaycanda ildə 200-ə yaxın adam işgəncəyə məruz qalır. Mən bunu elə-belə demirəm, adlarla, faktlarla yazıram. Ancaq Elmira Süleymanova gözümə baxa-baxa dedi ki, Azərbaycanda işgəncə yoxdur. Mən bu sözlərdən sonra quruyub qaldım. Dedi ki, indi bizin həbsxanalarda Almaniyadan gəlmiş ekspertlər işləyirlər. Dedim, Elmira xanım, sən mənə Almaniyadan danışma. Mən 8 ay Almaniyada çalışdım. Bu müddətdə ən böyük 4 həbsxanaya getmişdim, mənim proqramım bu sahənin araşdırmasından ötrü idi. Bildirdi ki, heç bir işgəncə faktı sübuta yetirilməyib. Mənim ona cavabım bir oldu, dedim ki, sizin ağ koftanıza qırmızı, qan rəngində böyük hərflərlə ”Günaha batdın" yazılıb. Sən günaha batıbsan və bu günah uşaqlarına da, nəslinə də yazılacaq".
L.Yunusun sözlərinə görə, ombudsman onun bu sözlərindən çox hirslənibmiş: "Dedi, bu sözləri mənə deyirsiniz? Dedim, bəli, az qalıb, Allahın hüzurunda hamısının hesabı soruşulacaq. Sonrakı görüşümüzdə məni saxladı ki, ”sözlərini geri götür". Dedim, nəyi geri götürüm? Mən sizə baxıram və o qanı görürəm. O qan sizin koftanıza çilənib. Özünə də dedim ki, kimlər işgəncə yolu ilə qanlar töküblərsə, onlar adam deyil. Ancaq əgər bu faktları toplamalı olan, şahid rolunu oynayan ombudsman bu dəhşətlər barədə susursa, onda ya gərək gedib fizika ilə məşğul olsun, ya da 18-ci əsrin tarixini yazsın. Adının qarşısında ombudsman yazdırmasın".
TALISH.ORG
|