“Sadəliyi alçaldılmaya qədər endirmək olmaz”
A.A.Bakıxanov
Sadə adamlar hansısa bir səhvə yol verəndə, heç vaxt onları qınamıram. Çünki, onlar adi adamlardır və bu qəbildən olan insanlardan başqa bir şey gözləmək əbəsdir. Mən də sadə insanlarla sadə davranır, onlara ədəb ərkanla salam verib keçirəm. Elə başa düşməyin ki, təkcə sadə adamlara salam verib keçirəm. Əsla. Mən hamıya salam verirəm, hətta, axmaqlara da. İnanmırsınız ? Nəyə desəniz and içərəm ki, mən onlarla daha səmimi görüşürəm, hətta, ikiəlli görüşürəm. Allah onların canını sağ eləsin, onlara dünya durduqca uzun ömür versin.Səbəbi də odur ki, əgər, onlar olmasaydı, onda gərək biz özümüz axmaq olaydıq.
Ciddi adamlar, tanınmış adamlar səhvə yol verəndə isə, açığı, onlarla heç görüşmürəm, onları qınayıram, özü də bərk qınayıram. Götürək çar rusiyası ordusunda vaxtilə qulluq etmiş,hamıya göz dağı olmuş Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmiş, polkovnik ağamız Bakıxanovu. Əzizim bakılı balası, sizin sadəliklə nə işiniz var, niyə sadəliyi alçaqlıqla müqayisə edirsiniz? Məgər, başqa işiniz-gücünüz olmayıb ki? Axı, sizin bu mövzulara toxunmağıniz, onları hallandırmağınız başqaları kimi,mənə də toxunur, pis gəlir. İstər istəməz fikirləşirəm ki, siz bu barədə yazanda mənim mənsub olduğum və gecə gündüz fəxr etdiyim (hətta, yuxuda da!) xalqı nəzərdə tutmusunuz , onu lağa qoymusunuz. Mən də buna heç cürə imkan verə, yol verə bilmərəm,qətiyyən razı ola,dözə bilmərəm. Doğrudur, sizdən sonra da bu mövzuya toxunan, fikir bildirənlər olub, amma, sizə çatan olmayıb. Əlbəttə, düşmən qulluğunda olduğunuz üçün peşəkar zabit kimi nə yazmısınızsa gizli, üstüörtülü yazmısınız, o biriləri isə açıq, aydın yazıblar.
Elə də uzağa getməyək, götürək istedadlı dramaturq, bu gün doğum gününü qeyd edən Eldəniz Quliyevi. Qardaş, başına dönüm, mən başa düşürəm ki, siz siyasətə heç də kefdən gəlmədiniz, baxıb gördünüz ki, meydandakı siyasətçilər ortaya bir şey çıxara bilmir, əllərindən fərli başlı bir şey gəlmir, iş gücləri bir birləri ilə didişməkdir, dartışmaqdır, boğuşmaqdır rejissorluğu tollayıb bir kənara, qollarını çırmalayıb, “bismillah” deyib, girdiniz meydana. Lap yaxşı, çox gözəl, çox pakizə, xoş gəldiniz, səfa gətirdiniz. Amma, bu o demək deyil ki, oturub- oturub ortaya bir çəltik atasınız, aləmi vurasınız bir birinə. Əvvəlcə durub bizim keşiyimizdən başqa hər şeyin keşiyində dayanan möhtərəm və möhtəşəm polisimizin ünvanına bir iki söz işlətdiniz və bu da nə az, nə çox, 9 gündən sonra düz 21 il nazir kürsüsündə oturmaqla dünyada rekord qıran(Ginnesin rekord kitabı hara baxır!) nazirimiz R.Usubovun xətrinə bərk dəydi. Onun bir işarəsi bəs elədi ki, o saat işin verildi ədalətdən əsər əlamət qalmayan ədalət məhkəməsinə. Yenə allah üzünə baxdı,necə deyərlər,anan namaz üstə imiş,hakimlər bu dəfə də nazirimizin sözünə baxdı,onun sözündən çıxmadı,sizi bağışladı,yüngülvarı cəzalandırdı,yoxsa,indi o biri heç nədən yatanlar kimi siz də oturmuşdun qazamatda. Bu sizə bəs etmədi, bu günlərdə yenə sosial şəbəkədə, Facebookda yazdığınız bəs nədir? Yazırsınız ki, ” Oyan şirin yuxudan, ey millət, nə vaxta qədər yatacaqsan?! ” Vallahi billahi mən bir şeyi başa düşmürəm, bu millət ona görə sizi oxudub, boya başa çatdırıb, ziyalılar təşkilatının sədri, Milli Şuranın üzvü edib ki, indi də durub onu div yuxusundan oyadasan?
Milli Şuranın sədri, hörmətli professor Cəmil Həsənlinin sözü olmasın, bu uca, ucadan da lap uca millətim nə vaxt lazım bilsə ( ax,torpaqları işğaldan azad edəcək lazım!),onda gərnəşib,öskürüb, asqırıb gözlərini açacaq.Gəlin ,siz böyüyün sözünə qulaq asın,xeyir görərsiniz, hələ ki, xalqı yuxudan kal oyatmayın.Yuxudan kal oyanmağın düşər düşməzi olar. Birdən, allah eləməsin, kal oyanar, başına gətirilən müsibətlərdən, oyunlardan,məzələnmələrdən, yalançı təriflərdən, doğruçu təhqirlərdən xəbər tutar,əlindən xata çıxar.Oyansa, işdir şayətdir gözünü açsa ,millət görər ki:
- torpağı əldən verib ,YAP-çılar isə hapa-gopa basmaqla,cibişdanlarını doldurmaqla məşğuldur;
- ona məxsus sərvətlər çapılıb talanıb,qamarladıqlarını özləri qamarlayıb, yerdə qalanlarını da qohum əqrəbalarına, yadellilərə pay-püşk ediblər;
- düşmən münasibət nəticəsində namus əldən gedib,qızları,gəlinləri Dubayda qəbristanlıq yaradıblar;
- sayma seçmə oğulları şərlənərək zindanlara doldurulub-əzablara düçar edilib , oğrular, banditlər isə fironluq edir, atamanlıq eşqinə düşüblər;
- digər qism ləyaqətli, şərafətli oğuııarı , qızları isti dədə baba yuvasından didərgin salınmış, vaxtilə babalarımızın adı gələndə papağını çıxarıb mil dayanan Conlara , İvanlara sığınmışlar;
- ədalətin keşiyində durmağa borclu olan məhkəmələr auksiona ,hüquq mühafizə orqanları isə əsl bazara çevrilmişlər;
- bələdiyyə,parlament,prezident seçkiləri kütləvi surətdə saxtalaşdırılmış,layiq olmayan məxluqlar əldəqayırma mandatlara sahib çıxmış, millətdən xəbərsiz “ millət vəkilləri” onun adından bazarlıq ,öz gödənləri üçünsə nökərçilik edirlər;
- torpaqlarımızı rusun əli ilə zəbt etmiş ermənilər nəinki, layiqli yerlərində oturulmamış , əksinə, dığalarla qohumlar daha yüksək, yağlı vəzifələrə sahib çıxmış, millətin şərəfini heçə endirmişlər.
Odur ki, əzizim Eldəniz bəy, atalar ” məsləhətli don gen olar” deyiblər. Mənim də,əgər, qulaq asarsınızsa, sizə bir dost məsləhətim var. Özünüz bilərsiniz, əməl etsəniz də sağ olun, etməsən də. Gəlin, imkan daxilində, bu millətə ağıl öyrətməyin,bu işi boş buraxın,onu kal yuxudan oyadıb cin atına mindirməyin.Ondansa, millətin dərin yuxuya getməyindən,sadəliyindən sui-istifadə edərək onun belinə minmiş, bununla da millətlər arasında onu alçaltmış YAP hakimiyyətinin şəninə şerlər yazın, nağıllar qoşun , dastanlar bəzəyin, nəğmələr bəstələyin. Qoyun ,adınız tez-tez radiolardan, televiziyalardan, qəzetlərdən gəlsin, başına bir yekə daş düçmüş, qara kürünü tıxmağa girişmiş beynəlxalq təşkilatların satılmış tribunalarından da səsiniz gəlsin. Unutmyın ki,bu analoqsuz kampaniyanın həm sizə, həm də bizə çox böyük xeyri olacaqdır.
Sizə xeyri o olacaqdır ki, bu müdrik yaşınızda şərlənərək zindana atılmayacaq, ABŞ və Avropa ölkələrini çox ciddi “narahat” etməyəcək, sonra da qondarma əflə “ əf” olunmayacaqsınız.
Bizim də qazancımız o olacaq ki, sizin adındakı “dəniz” sözünü hər dəfə eşidib sevinəcəyik, fərəhlənəcəyik .Onunla təsəlli tapacağıq ki,bu hakimiyyət Xəzər dənizinin neftini içsə də,qazını öz qazı bilib yolsa da,balığını,kürüsünü millətindən gizlədib Conlara satsa da, elimizin heç vaxt satılmayan, dəniz kimi vüqarlı və qürurlu bir dənizi də var, o da: E L D Ə N I Z!
Mətləb MÜTƏLLİMLİ,
istiqlalçı millət vəkili
20.04.2015