İki gün öncə Lənkəran stadionunda baş verən məlum insidentdən sonra hər kəs öz maraqlarına uyğun nəticə çıxarmağa və gəldiyi nəticəni də xalqa sırımağa çalışır. Aydın olur ki, öz gözlərində tiri görməyənlər, başqasının gözündə çöp axtarırlar. Sözdə azad olan mətbuat isə hadisələri daha da qəliz və çirkin məcraya yönəldir. Amma reallıq budur ki, 3 ay öncə paytaxtda kubokun final oyununda təşkilatçılıq işinin öhdəsindən gələ bilməyən PFL və onun "atası” olan AFFA, o vaxt özlərinin birbaşa məsuliyyətli olduqları biabırçılığı ört-basdır etməyə, "Neftçi” tərəfi isə törətdiyi vəhşiliyi unutdurmağa çalışır. Bununla da həm futbolun başındakı bilənlər, həm də onların himayədarlıq etdiyi klub əllərinə düşən fürsətdən lazımınca yararlanırlar. İndi "Xəzər Lənkəran” Azərbaycan futbol "ailəsində” həmişə olduğundan daha çox ögey övladı xatırladır.
Azarkeşlərin həbsiylə isə hadisələrə siyasi don geydirməyə və bununla da ictimaiyyəti hadisələrin kökündən uzaqlaşdırmağa və "Xəzər Lənkəran”ın pis-yaxşı gündə ən böyük dayağı olan azarkeş ordusunu parçalamağa çalışırlar. Molotov kokteyli, üçüncü qüvvə, dövlətə qarşı iğtişaş, nə bilim, az qalıb desinlər ki, dövlət çevrilişi cəhdi. Məsul şəxslərin xalqın qarşısına çıxıb həqiqətləri demələri və səriştəsizliklərini etiraf edərək işlərini təhvil vermələri üçün isə ən azından ədalətli olmaları gərəkir. Nə deyirsiz, Güloğlan kimi xuliqanların, Araz kimi qatillərin axıtdığı qanı, törətdiyi ölüm hadisəsini pul ilə yuyan klubdanmi ədalət gözləyək, yoxsa ona himayədarlıq edən qurumlardanmi?
Lənkəran polisinin həbs olunan azarkeşlərə törətMƏdikləri cinayət əməli, konkret olaraq, Molotov kokteyli, yəni, kustar üsullarla hazırlanan partlayıcı yanar şüşə butılkalar atdıqları haqqında izahat yazdırmaq cəhdləri isə bu iyrənc kampaniyanın tərkib hissəsidir. Həbs olunanlar arasında Qusardan olan sadiq "Xəzər Lənkəran” azarkeşinin olması isə, qəlblərində milli azlıq xofu olan insanların bu xofunu daha da artırır. İstənilən halda, Lənkəran stadionunda baş verənlər, istər polis, istər ölkənin futbol qurumları, istərsə də "Neftçi” klubu tərəfindən siyasi məcraya yönəldilməklə ictimaiyyət aldadılır və fikirlər azdırılır. Onların sözüylə yazıb-pozan, deyib-deməyən media isə bu yöndə əla vasitədir. Bu yerdə Malcolm X-in (Malik el-Şahbaz) sözləri yadıma düşür: "Əgər diqqətli olmazsanız, media, məzlumlardan nifrət etmənizə və zalımları sevmənizə səbəb olar”. Biz əsl zalımların və cinayətkarların (mayın 28-dəki hadisələri nəzərdə tuturam) cəzalandırılmasını, haqqını istəyən "Xəzər Lənkəran” azarkeşinin isə azad edilməsini qanun keşikçilərindən xahiş və tələb edirik.
"Xəzər Lənkəran” azarkeşləri Vətəni sevən və sülhsevər insanlardır. Bizi çirkin siyasətə alət etməyin!
Rövşən Əsədov
http://az.12cioyuncu.info/