Bu millətin yaşaması da günahdı, ölməsi də!
Aman Allah! Buralarda hər şey qaranlıq gecələrin qara röyalarında olduğu qədər dəhşətli və qorxuncdu. Burası, görməli gözlərin kor, eşitməli qulaqların kar, danışmalı dillərin lal olduğu, duymalı ürəklərin daşa döndüyü bir mələkətdi. Padşahı əhlikef, vəziri cəllad, vəkili pulgir, naziri bandit-dələduz, generalı fərari-cinayətkar, Milli Qəhrəmanı killer-qatil, ordusu "məğlub”, hakimi ədalətsiz, prokuroru vicdansız, polisi rüşvətxor, məmuru yaltaq, deputatı dilsiz-ağızsız, müxalifəti ölü, televiziyaları dingiriş, mətbuatı satqın, alimi elmsiz, ziyalısı ziyasız, həkimi şəfqətsiz, din xadimi dinsiz, şairi qorxaq, müəllimi ələbaxan, Şəhidi bihörmət, əsgəri (oxu: veteranı) dilənçi, torpaqları ilhaq edilmiş, xalqının ruhu, millətinin mənəviyyatı zorlanmış, "haqq” deyən dilləri kəsilən, azad vicdanları susdurulan, qələmləri zindanlarda can verən bir məmləkətdə yaşamaq taleyinə yazılanların işi zor olsun gərək.
Bu məmələkətin adı Azərbaycandı, təkcə adından savayı hər yeri və hər şeyi əlindən alınaraq talanan, viran qoyulan, ərazisi parçalanan, sərhədləri dağıdılan, varı-variyəti yağmalanan, dışı dış, içi iç düşmənlərə təslim edilən ZAVALLI AZƏRBAYCAN – YAZIQ və BİÇARƏ VƏTƏN!
Səni sevmək çox zor məsələdi, sevməmək isə ondan da zor. Qarşımızda tarixin əbədi "NƏ ETMƏLİ?” sualı, arxamızda isə hər gün bir az da ölən, hər saat öldürülən SƏN varsan. Başları sənin sonsuz xəzinələrini bölüşdürmək uğrunda bir-birini didməyə qarışanların nə vecinə ki, bu yolun sonu SƏNinlə birgə, onların özlərini də uçuruma aparır. Amma onların bu yoldan dönməyəcəkləri artıq hər kəsə bəllidi…
Bu məmləkətdə kimi dindirirsən, hamı hər şeyi bilir, hamı hər şeydən xəbərdardı, hamı hər şeydən bezib. Bununla belə, hamı hər şeyə dözür. Çünki dözmək zorundadı. Çünki dözməyə zorlayan amillər var. Birinin oğlu əsgərdi, birinin övladı tələbədi, birinin qardaşı polisdi, birinin əri müəllimdi, birinin qızı "medsestra”dı, birinin evinin sənədi yoxdu, birinin çəkməçi "budka”sı var, biri çörəkpulunu güclə haqlayan obyekt işlədir və sairə və ilaxır. Beləcə, yüzlər, minlər, onminlər, yüzminlər, milyonlar və bir də onlara güdükçülük edən bir ovuc oliqarxlar, oliqarxlara «krışa»lıq edən qudurğan məmurlar, harınçinovniklər. Özündə cəsarət tapıb "mən də Insanam, mənim də haqqım, hüququm var” deyərsən, əsgərinin meyidi gələr, tələbən institutdan qovular, polisin ilişdirilər, müəllimin bihörmət edilər, «medsestra»nın başına oyun gətirərlər, evin "buldo(k)zer”lərə yem olar "budka”n yandırılar, obyektin «Almalımarket»lə əvəz olunar, və sairə və ilaxır. Yuxarılara şikayət yazarsan, şikayətini göndərərlər düppədüz şikayət etdiyin məmurun üstünə, o da etdiyindən bir az da artıq edib, gününü göy əskiyə bükər. Məhkəməyəüz tutarsan, burada başını pambıqla kəsib, lap anadan doğulduğuna da peşman edərlər. Bu zaman tək əlacın ya prezidentə, ya da birinci lediyə məktub yazmaq olacaq…
Bax budur çağdaş Azərbaycanın və azərbaycanlıların yaşam fəlsəfəsi. Adidən-adi, sadədən-sadə haqlarına qovuşmanın bədəli, dibinə zəhər dadan acı bibər qoyulmuş şirin xəyal-plov yemək, ayları, illəri xərcləmək olan bu məmləkəti nə sevmək, nə də buralarda adam balası kimi ömür sürüb xoşbəxt olmaq mümkündü. Nə qədər acı olsa da, buralara sevgisiz də yaşamanın bir mənası yoxdu!
O zaman yenə də qarşımızda əzəli və əbədi "NƏ ETMƏLİ” sualına cavab tapmaq məsələsi dayanır. Hələlik əlimizdən gələn bir şey yoxdu.Təkcə adından savayı hər yeri və hər şeyi əlindən alınaraq talanan, viran qoyulan, ərazisi parçalanan, sərhədləri dağıdılan, varı-variyəti yağmalanan, dışı dış, içi iç düşmənlərə təslim edilən ZAVALLI AZƏRBAYCAN – YAZIQ və BİÇARƏ VƏTƏN! SƏNİN hər cürə nemətlərinə sahib çıxıb harınlayanlara, adına və andına xilaf çıxanlara deyəcək bir söz yoxdu. Bu TANRIarın əlində indi Tanrı özü də acizdisə, bizlərə düşən taleyimizlə barışmaqdı. Bir də bu qədər haqqı yeyilən kişilərinə, nahaqdan incidilən, öldürülərək QANı batırılan, qazamatlarda günahsız ola-ola çürüdülən, evinin içində dustaq edilən, milyonlarla didərgin salınan oğullarına, əri varkən ərsiz qoyulan gəlinlərinə, atası sağkən yetim qoyulan körpələrinə, göz yaşları qurumayan ANALARına, ilhaq olan torpaqlarına, bütövlükdə keçmişinə, gələcəyinə bir belə biganə olan və yaltaqlıqla, namussuzluğu həyatının mənasına çevirən bir toplumun taleyinə ayrı nə yazılmalıydı ki? Demək, biz elə buna layiqik və ya ruslar demiş: "Za çto borolis, natoinaporolis”…
Kim bilir bir də nə vaxt ANALAR Tofiq Fikrətlər doğacaq?! Ki, onlar da öz şair bətnindən
"DÖVLƏTSƏ DƏ, QANUNSA DA ARTIQ YETƏR OLSUN!”
Harayı ilə kükrəyən millətin MEYDAN ŞƏRQİLƏRİnə çevriləcək marşlar doğub, BÖYÜK MÜBARİZƏLƏRƏ zəmin yaratsınlar.
Yerindən duranı, 7-dən 77-yə, kişili, arvadlı "müğənni”, "yeni ulduz” və ya "azəristar” olmaq istəyən bir məmləkətdə daha Tofiq Fikrət, İsmayıl Şıxlı, Xəlil Rza doğacaq analar qaldımı görəsən?
Deyəsən çətin sual oldu, eləmi? Onsuz da, daha asan nəyimiz qalıb ki?İndi buralarda yaşamaq çətin, ölmək ondan da çətin. Dərdləri bu qədər başından aşan bir miilətin yaşaması da günahdı, ölməsi də!
Bəzi xəyalpərəstlər isə məsləhət bilirlər ki, bir təhər dözmək lazımdı. Onsuz da Azərbaycan gec-tez Avropa Birliyinin üzvü olası və bizim də küçəmizə bayram gələsidi. Malisəf, mənim əziz və əsil müsəlman qardaşlarım. Bu xülyalarla yaşayıb özünüzü boş ümidlərlə nə yorun, nə də aldadın. Çünki bu hakimiyyət bizim AB(u-həyat) yollarımızı birdəfəlik qapadıb və yaxın əlli ildə bizə o həyatı bəxş etməzlər. Ən azı, ona görə ki, Azərbaycan Avropa Birliyinin üzvü olduğu günün səhəri, bu məmləkətdə bir aristokrat, bir də degenerat ömrü yaşayanlardan savayı kimsə qalası deyil. Bəs eləsə, sizcə, bizə bu imkanı yaradarlarmı? Tutalım ki, indiki şərtlərdə prezident lap elə mən özüm olum, razı olarammı, yox təbii ki. Demək, belə çıxır ki, mən sizin hamınızı avropalı edəcəm, Serjik də gəlib məni "Murocan, oğlum, sən nəyin başqanısan?” – deyib ələ salacaq? Bircə onu görməzsiniz.
Sabir babamızın vəsiyyətini nə tez unutdunuz ki, "insanlıq sizin yeminiz deyil”. Çəlil baba da "Danabaş kəndi”nin əbədi bəyliyini Xudayar bəyə tapşırıb dünyasını dəyişmədimi? Heydər babamızın isə, indiki şəraitdə yaşamaq həvəsi olan nəvələrinə "MƏNİM DÖZÜMLÜ XALQIM” titulunu bəxş edəndən sonra, haqqın dərgahına yol aldığınıdamı xatırlamırsınız? İndi demək istəyirsiniz ki, bu dünyanın gəlmiş-getmiş dahilərinin ən dahisi olan bir şəxsiyyət nə dediyini bilmirdi? Mən isə onun hər kəlməsinə boyun əyməkdən yanayam, boynumu sındırmasınlar, ona görə. «Takçto»,
"DÖZ, MƏNİM DÖZÜMLÜ XALQIM, DÖZ!!!”…
Guya dözməyib nə qayırasısan ki?!…
Yeri gəlmişkən, hələ ki unutmamışam, bir şeyi də xatırladım. Bu yaxınlarda çağdaş dahilərimizdən biri Milli Məclisdə çox dahiyanə şəkildə söyləmişdi ki, "YAXIN 50 İLDƏ AZƏRBAYCAN PREZİDENTİNİN SOYADI "ƏLİYEV” OLARAQ QALACAQ”. Deməli, DÖZÜM LİMİTİ BUNDAN SONRA 50 İL OLANLAR NƏYƏSƏ ÜMİD EDƏ BİLƏRLƏR. İqbal Ağazadə də deyir ki, "MƏN ALTERNATİVƏM”. Bəlkə onun 50 illik limit "zapas”ı var, burasını özü bilər. Ancaq adam 90(!) yaşındakı prezidenlikdən nə çıxarmaq istəyindədi, bax, orasını heç qanammadım!..
Sərdar ƏLİBƏYLİ, «Nota» qəzeti
|