ABŞ prezidenti Barak Obama despotik rejimlərə zərbə vuracaq yeni fərman imzalayıb. Fərman insan haqlarını pozan dövlət xadimlərinin ABŞ-a girişini yasaqlamağı nəzərdə tutur.
Fərmana əsasən öz ölkələrində insan haqlarını pozan, insanları mənsub olduqları sosial qruplara, dinə, irqə, təşkilata görə təqib edən, hərbi cinayətlərdə əli olan və mülki əhaliyə qarşı kütləvi zorakılıqlara görə məsuliyyət daşıyan rəsmilərin bundan sonra ABŞ-a girişi qadağan edilir.
Bu qadağanın təsiri altına düşən şəxslərin siyahısını hazırlamağa rəhbərlik fərmanla dövlət katibi Hillari Klintona həvalə olunub. Bundan başqa, Obama ABŞ-ın dünyada soyqırımıları və kütləvi qəddarlıqları önləmək imkanlarını möhkəmləndirmək üçün xüsusi komissiya qurulmasını tapşırıb.
Ağ Evin fərmanla bağlı yaydığı şərhdə deyilir ki, Birləşmiş Ştatlar qanunvericiliyi onsuz da soyqırımı aktlarına, kütləvi işgəncələrə, dini azadlıqların pozulmasına və digər bu kimi əməllərə görə məsuliyyət daşıyan şəxslərin ölkə ərazisinə buraxılmamasına imkan verirdi. Lakin bu qadağaları həyata keçirmək üçün dəqiq mexanizm yox idi. İndi isə prezidentin fərmanı belə mexanizm yaradır.
Obamanın fərmanı beynəlxalq insan haqlarını müdafiə təşkilatlarında rəğbətlə qarşılanıb. «Human Rights Watch» təşkilatının nümayəndəsi Tom Malinovski fərmanı şərh edərkən deyib ki, bu qərar insan haqlarını pozanlara qarşı güclü cəza mexanizmi yarada bilər.