Eldəniz QULİYEV
Təkrar etmək məcburiyyətindəyəm: biz bir-birimiz haqda danışmaqdansa, BİR-BİRİMİZLƏ danışmalıyıq. Deməli, həqiqətən dialoq labüddür və ona alternativ yoxdur!
Əlbəttə ki, kimlə, hansı mövzuda və nə məqsədlə? Bu üç məsələ son dərəcə vacibdir. Düşünürəm ki:
1) dialoq mütləq və şəxsən ölkə başçısının özü ilə aparılmalıdır;
2) Qarabağ problemindən tutmuş, şərlənərək həbs olunmuş ictimai, siyası fəalların taleyinə qədər. Addım başı pozulan fundamental insan hüquq və azadlıqlarından, eləcə də vətəndaş cəmiyyəti quruculuğu yönündə aparılan işlərə qarşı yaradılan süni əngəllərdən tutmuş, sosial, siyası və ictimai-psixoloji bəlalara rəvac verən korrupsioner (habelə, qudurğan) məmurların özbaşınalıqlarına qədər (Bir sözlə, danışmağa mövzu, cözməyə problem, sağaltmağa yaralar, ağlamağa dərdlər kifayət qədərdir)...;
3) problemlərin aradan qaldırılması ilə yanaşı, ağrısız-acısız, yəni siyasi kataklizmlərə rəvac vermədən, demokratik vasitələrlə mövcud siyasi sistemin dəyişdirilməsi olmalıdır. Başqa sözlə, nəhayyət ki, mərhələli şəkildə, pillə-pillə olsa da, AVTORİTARİZMdən DEMOKRATİYAya keçid real olaraq təmin edilməlidir.
Son zamanlar bir qrup, yumuşaq desək, fəaliyyətləri şübhə doğuran siyasi partiya sədrləri tərəfindən (hətta, onlardan bəzilərinə hələ də hörmət bəsləsəm belə), ortaya atılan: "Hakimiyyətlə dialoq çox vacibdir", "Hakimiyyətlə dialoq siyasi müxalifəti ölü nöqtədən çıxaracaq" və sair bu kimi fikirlər, zənnimcə, sadəlövhlük, bəlkə də bir az qüsurlu yanaşmadır. Niyə? Çünki "Hakimiyyətlə dialoq" kəlmələri, əslində amorf ifadələrdi və bu, iki cəbhənin ünsiyyət istəyindən daha çox, tərəflərin dördkünc daşlarla bilyard oyununu xatırladır...