"Hacıbaba Əzimovun "MTN Milli Şura ilə bağlı tədbir görməlidir” adlı açıqlaması məndə ciddi narahatçılıq doğurdu
Milli Şura milli kimliyindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqlara eyni hörmət və məhəbbətlə yanaşır"
Milli Şura ətrafında son dövrdə baş verən proseslərlə bağlı Milli Şuranın sədri professor Cəmil Həsənli Azadlıq Qəzetinə geniş müsahibə verib.
Milli Şura sədri bir sıra digər məsələlərlə yanaşı Milli Şuranın son sessiyasında Hacıbaba Əzimovun öz davranışına nəzarət edə bilməməsi və iclasdan sonra bir sıra mətbuat vasitələrinə özünün mahiyyətinə uyğun olaraq müsahibələr verməsinə də münasibət bildirib.
Bununla əlaqədar olaraq Cəmil Həsənli bildirib: "Hesab edirəm ki, ötən il tarixin çox da uzun olmayan bir məsafəsində tale bizi milli birlik çətirinin altına toplaya bildi və şübhəsiz ki, baş verənlər izsiz keçmədi. Ən azından bu birlik hakimiyyətin uzun müddət adaptasiya olduğu rahatlığı bir qədər poza bildi. Ölkənin içərisində gerçək müxalifətin imkanlarını qiymətləndirmək mümkün oldu. Əslində, birgə fəaliyyətimiz, birgə mübarizəmiz, birgə məsuliyyətimizdən çıxarılası dərslər çoxdur. Bunu bir tərəfə qoyub bir-birimizi ittiham etməkdən çəkinməliyik. Məsələn son sessiyadan sonra professor Hacıbaba Əzimovun "Publika.az” saytına "MTN Milli Şura ilə bağlı tədbir görməlidir” adlı açıqlaması məndə ciddi narahatçılıq doğurdu. Milli Şurada guya xaricə işləyən admların olması və onları Şuraya guya Eldar Namazovun gətirməsi ittihamı ilə heç cürə razılaşmaq olmaz. Xüsusilə Milli Şuranın rəhbərliyində təmsil olunan bir adamın Milli Şura üzvü haqqında tədbir görmək üçün MTN-ə müraciət etməsi qəbuledilməzdir və bununla heç cürə razılaşmaq olmaz. Milli Şura milli kimliyindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqlara eyni hörmət və məhəbbətlə yanaşır. Ona görə də Milli Şuranın daxilində belə söhbətlər və mübahisələr arzuolunan deyildir".