Yaxud Misir dalğası Azərbaycana gəlsə, üzdəniraq məmurlarımıza "toy etməyə” cəsarətimiz çatarmı?
Son günlərdə Misirdə baş verən sosial-siyasi olayların zirvə nöqtəsi, xalqın 18 günlük təpkisinə tap gətirməyən prezident Hüsnü Mübarək 30 illik "fironluğuna” son verərək istefaya getdi, hakimiyyəti ölkənin Müdafiə naziri general Hüseyn Kantaniyə ötürdü.
Heç kəs unutmamalıdır ki, Misir xalqı 30 illik qəflət yuxusundan oyandı, amma bunun nəticəsində 300-dən çox insan qurban verdi, minlərlə insan yaralandı, şikəst oldu. Hələ başsız qalan körpələrin, köməksiz, dayaqsız olan qocaların, qız-gəlinlərin halını, ölkənin sonrası məlum olmayan bir məcraya dönməsini demirəm...
Lətifəsi Azərbaycandan iraq olsun, Hüsnü Mübarək öz hakimiyyəti dövründə müxalif fikirli adamları məhv etmişdi. Xalq onda ayıldı ki, bu vaxt evdəki körpələr çörək üçün ağlayırdılar. Necə deyərlər, "ac da qılınca çapar.”
"Qılınca çapmağın” acı nəticələri isə bəllidir. Hüsnü Mübarəkin istefası, belə hesab edirlər ki, Misir xalqının müstəbid üzərində tarixi qələbəsinin yarısıdır.
Misirlə müqayisədə bizim ölkəmizi də rüşvət, korrupsiya, məmur özbaşınalığı əcaib bir hala salıb. Məsələn, keçən əsrin sonlarında xalq bu arzu-istəklə çoxlu şəhidlər verdi ki, demokratik bir cəmiyyət qursun. Amma nə baş verdi?
Həqiqətin bir üzü var, o da düz! Əsl həqiqət budur ki, Qarabağı erməni dığalarına ərməğan edənlər məqama, mənsəbə çatdılar, "işğal”da qalan rayonların varidatını oğurlayıb Bakıda məskunlaşanlar bu gün bizneslə məşğuldurlar, hündürmərtəbəli binalar, göydələnlər tikib bir mənzili bir neçə adama satmaqla möhtəkirlik edirlər. Qarabağ bu qaçqın-köçkünlərin heç yuxusuna da girmir. Ölkə qanunları da təbaşirlə asfalta yazıldığından məhkəmələr də iflic vəziyyətdədir...
Polis cinayət içində boğulur, vətəndaşlar qorxu altında saxlanır, ziyalıların dili, ağzı bağlanır...
Bir sözlə, əhalinin çoxu zülm çəkərək dünyasını dəyişir, məmurlarımız isə efirə çıxıb ağızdolusu deyirlər ki, "yaxın vaxtlarda Azərbaycanda kasıb qalmayacaqdır”
Bəli, Rusiyadan bizə pul gəlməsə... orasını hamı yaxşı bilir...
Misir olayları Azərbaycanı da təşvişə, təlatumə saldı, korrupsiyaya qarşı mübarizə, həbslər, suni siyasi şoular yalnız görüntü xarakteri almaqdadır...
Dəyirman isə öz işindədir...
Yaptokratların başqan müavini Əli Əhmədov "Azadlıq” radiosunda efirə çıxıb söyləyir ki, "heç kəsin tükü də tərpənməsin, bizdə inqilab əhvalı yoxdur, hər şey yağ kimidir”...
Barəkəllah! Kişi düz deyir də! Qarabağın işğalda olan hər bir rayonun heç olmasa, 10 min, cəmi 70 min azərbaycanlı nə vaxt Bakının küçələrinə çıxıb doğma dədə-baba yurdlarının azadlığını tələb etdilər axı?
Əyalətdə yaşayan Hüseynqulunun, Fatmanisənin oğlu, əzab-əziyyətlə də olsa, ona Rusiyadan çörək pulu göndərir axı?
Qaçqına, köşkünə hərtərəfli yardımlar olunur axı?
Nə qədər ki, anlamamışıq, mövcud iqtisadi-siyasi, maddi-mənəvi durumla hesablaşmayan cəmiyyətin etiraz dalğası paytaxtdan başlamalıdır, onda bu "qısır” hakimiyyətin də ömrü eləcə uzanacaqdır...
Ona görə də ölkənin tanınmış ziyalısı günün günörta çağı paytaxtda ağzından güllələnir, digər bir alim millətin tarixindən danışdığına görə qazamatda işgəncə ilə qətlə yetirilir. DİN –in idarə rəisi öz bandası ilə bir qəbristana sığmayan insan güllələyir... general öldürülür, jurnalistə qurşun sıxılır. Polis idarələrində insanlar məhv ediılir, qondarma ittihamlarla Eynullaları məhbəslərdə çürüdürlər. İntiharlar ara vermir, təkcə özünü yox, ailəsini də yandıran var...
Düşünürəm ki, bu YAP hakimiyyəti öz xalqına qarşı müharibə aparır...
Görəsən, daha hansı hadisələr baş verməlidir ki, bu xalq ayağa qalxıb, bu qudurmuş- harınlaşmış məmurlara yaxşıca bir "toy eləsin” ki, əks-sədası Misirdən İrana keçsin?!
Mətləb DADAŞİ, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
|