Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının həbsdə olan sədri Rufullah Axunzadənin apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Nəsimi Rayon Məhkəməsinin barəsində 3 fevral 2011-ci il tarixində qəbul etdiyi qərardan apelyasiya şikəyəti təmin olunmayıb.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prsosesdə, məhkəmə Rufullah Axunzadənin həbsini ev dustaqlığı ilə əvəz olunmasından imtina edib. Bu barədə TALISH.ORG-a Rufullah Axundzadənin vəkili Sadiq Bağırov məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi bu gün 12:30-da keçirilib. "Apelyasiya şikayətimiz qəbul edilmədi. Biz Rufullah bəyin həbsdə qalmasının ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə müraciət etmişdik. Əfsuslar olsun ki, vəsatətimiz təmin olunmadı"-deyə vəkil Sadiq Bağırov bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətindən verilən məlumatda, Astara rayon polis şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Rufullah Axundzadənin həyətindəki yardımçı təsərrüfatdan bir ədəd baraban tipli tapança, 4 ədəd nömrəsi silinmiş avtomat, 9 qumbara, 10 alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşka, 3 ədəd güllə darağı və 510 ədəd müxtəlif çaplı patron aşkar edilərək götrülüb.