Bu gün (21 aprel 2014) Bakı şəhərində Azəri – Talış İctimai Birliyi və Respublika Talış Mədəniyyət Mərkəzinin Bakı şöbəsilə birgə, keçən əsrin 30 – 40-cı illərində Stalin və onun Azərbaycandakı cəllad Mircəfər Bağırov rejiminin amansız repessiyasına məruz qalmış Azərbaycan SSR-nin dövlət, eləcə də talış xalqının görkəmli ictimai-siyasi xadimi Böyükağa Mirsalayevin əziz, unudulmaz xatirəsinə həsr olunmuş xatirə tədbiri keçirmişdir.
Tədbiri giriş sözü ilə ATİB sədrinin müavini Seyran Rəfiyev açmışdır. Onun təklifi ilə şair Əli Nasir şəhid olmuş B. Mirsalayevin ruhuna dua oxumuş, şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilmişdi.
S.Rəfiyev tədbir iştirakçılarına Böyükağa Mirsalayevin keçdiyi ləyaqətli həyat yolundan, böyük məhəbbətlə sevdiyi, mənsub olduğu Talış xalqının milli-mənəvi dəyərlər sisteminin qorunması və inkişaf etməsində, eləcə də bu yolda çəkdiyi zülm və məşəqqətlər barədə ümumi məlumat verib.
ATİB-nin sədri Mehdibəy Səfərov söz alaraq, bildirdi ki; “biz, bu gün Talış xalqının övladları, özümüzü Böyükağanın mənəvi varisləri hesab edirik. Talış xalqının xoşbəxt gələcəyi ilə bağlı həyata keçirə bilmədiyi bütün arzu və ideyalarını onun adına layiq səviyyədə ləyaqətlə həyata keçirəcəyik".
Çıxış üçün söz RTMM-nin Bakı şöbəsinin sədri, tarixçi Ulduz Həşimova verildi. O, şəhidin repressiv Sovet rejimi tərəfindən şərlənərək həbs olunmasından, eləcə də heç bir günahı sübuta yetirilmədiyi halda güllələnməsi ilə əlaqədar mövcud olan tarixi faktlardan danışdı.
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə çıxışında “bütün varlığı ilə öz xalqının dilinə, mədəniyyətinə və digər milli-mənəvi dəyərlərinə bağlı olan və onun uğrunda canlarını belə əsirgəməyərək, şəhidlik zirvəsinə ucalan Böyükağa Mirsalayev kimi nəhəng şəxsiyyətlərin adları əbədiyaşardır! Onların adları tarixin heç bir zamanında xalqlarının yaddaşından silinməyəcək.
Daha sonra Qənbər Dadaşov, Seyidəmir Məmmədov, İradə Məlikova, Mirfəyaz Likməkani və Ceyhun Heydər çıxış edərək, B.Mirsalayevin talış xalqı qarşısında misilsiz xidmətlərindən və onun ailəsinin yaşadığı faciəli həyat yolundan danışdılar.
Azərbaycan Dövlət İncəsənət Univerisitetinin məzunu, xalqımızın gənc və ləyaqətli qızı Könül Rəsul isə şair Əli Nasirin, Zabil Mədojun və Rüfət Baxşıyevin B.Mirsalayevin unudulmaz xatirəsinə həsr etdikləri bir-birindən maraqlı və təsirli poeziya nümunələrini ifa etdi.
Tədbirin sonunda yekun sözü ilə çıxış edən böyük Azərbaycan və Talış şairi Əli Nasir bu günkü Azərbaycan Hakimiyyətinə üzünü tutaraq; “zaman-zaman repressiyalara məruz qalan Talış xalqının milli özünü ifadə ilə bağlı AR-nın Dövlət Konstitusiyasında, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının tez bir zamanda bərpa olunması, ana vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə, demokratikləşməsinə və beynəlxalq imicinin yüksəlməsinə təsir edəcəkdir!” – deyə bildirdi.
ATİB-nin mətbuat xidməti