Sosial şəbəkədə tarixçi-araşdırmaçı Jabbar Əliyev maraqlı bir status paylaşıb. O, talışın arzuları barədə keşmiş zamanda danışıb. Əslində bu status Azərbaycan mediasında "talışın bir problemi varmı" sualına yaxşı cavab da hesab etmək olar. Elə isə buyurun tanış olun:
"Azərbaycan hakimiyyəti talış xalqının milli-mədəni inkişafı üçün son zamanlar xeyli tədbirlər həyata keçirmişdir. Lənkəran Dövlət Universitetində talış dili və ədəbiyyatı fakültəsinin, AMEA-da "Azərbaycan xalqları institutunda” ünlü alimlərin fəaliyyər göstərdiyi talış bölməsinin yaradılması, şifahi xalq yaradıcılığı nümunələrinin və "Talış tarixinin” böyük tirajla nəfis şəkildə çap olunması, ictimaiyyətin rəyini nəzərə alaraq "Cənub TV-nin” adını dəyişib "Talış TV”qoyulması, verilişlərin yerli dildə yayımlanması həmin tədbirlərdəndir.
Dövlət radiosunda isə əvvəllər həftədə iki dəfə 15 dəqiqə talış dilində efirə çıxan verilişlərin vaxtı artırılıb 24 saata çatdırılmışdır. Talışların kompakt yaşadığı məlum rayonlarda orta məktəblərdə 11-ci sinifə kimi talış dili və ədəbiyyatı çoxdandır ki, tədris olunur. Respublika Talış mədəniyyət mərkəzi yenidən qeydiyyata alınmış, Bakı şəhərində ofislə təmin olunmuşdur. Onun orqanı olan "Tolışi sədo ” qəzeti neçə illərdir ki, büccədən maliyyələşdirilir.
Yeri gəlmişkən, həmin qəzetin sabiq baş redaktoru N.Məmmədov ölümündən sonra bəraət almış, əslində talış mədəniyyətini aktiv təbliğ etmək səbəbilə şərlənib həbs edilmiş H.Məmmədov isə azadlığa buraxılmışdır. Azərbaycan Elmlər Akacemiyasının Coğrafiya institutunun tərtib etdiyi siyahıya əsasən Azərbaycan dilinin ahəng qanununa uyğunlaşdırılmış, yaxud sırf türkləşdirilmiş talış toponimləri yenidən bərpa edilmişdir.
Talışlara öz balalarına milli ad və familiyalar verməsinə akademik Nizami Cəfərov şəxsən özü icazə vermişdir. Bunlar mədəni inkişaf sahəsində görülmüş tədbirlərin heç də hamısı deyil...
İndi siz özünüz deyin, belə olan halda talış millətindən olan bəzi insanların Brüsseldə yığışıb konfrans keçirməsinə nə ehtiyac var?"
|