Nə gözəl məmləkət. Bir bunu görməmişdik. Rusca danışasan, Moskva təhsili görəsən, xalqların dostluğunu təbliğ edəsən, Əliyevin tiranlığını dünyaya yayasan, İctimai Palatanın aksiyalarına qoşulasan. Axırda adını talış millətçisi qoyalar. Nə yaxşı millətçilikdir bu. Yeyərəm belə millətçiliyi. Lap tutaq ki, Hilal Məmmədov talış millətçisi idi. Nə olsun ki? Əcəb edirdi. Əlinin içindən gəlirdi (yandığımdan yazıram). Millətçi olub da separatçılıq etmirdi, dövlət və ərazi iddiası irəli sürmürdü. Talış xalqını meydanlara çağırmırdı, yerli və beynəlxalq tədbirlərdə talışların hüquqlarının pozulmasından (hərçənd pozulur) danışmırdı. Bəs hansı əsasla onu separatçı, talış şovinisti iddia etmək olar? Rəzil. İyrənc. Absurd.
Millətini sevmək nə vaxtdan qəbahət sayılıb? Tüpürüm sizin patriotluğunuza. Edin, edin. Biqeyrətliyi leqallaşdırın. Anoloqsuzdur. Bir ölkədə, bir qəzetin iki baş redaktoru həbsə atılır. Biri həbsdə işgəncə ilə öldürülür, oğlanları da məhv edilir. Evdə başıpapaqlı qalmır. Xanımı mühacirətə gedir. İndi mərhum Novruzəli Məmmədovdan sonra Hilal müəllimi məhbəsə göndəriblər. Genosiddir. Biz bilmirik. Açıqlasınlar bəlkə "Tolışi sədo” qəzeti terror təşkilatıdır yaxud Ergenekon tipli bir məxfi qurumdur. Nədir də bu, nədir? Artıq bununla ikinci belə hadisədir ki, reportaja görə müəllif həbsə atılır. Öncə bloqqerlərin "eşşək” reportajı Emin və Adnanın yolunu türməyə saldı. İndisə Hilal müəllim "Davay da svidaniya” sujetinə görə məhbəslə "mükafat"landırılır. Fərqləri ondadır ki, "Davay da svidaniya” video-çarxı hətta azəri telekanallarına da ayaq açmışdı. Deməli, təhlükəli deyilmiş.
Hətta bir neçə gün öncə meyxanaçılar ATV-yə dəvət olunmuşdu. Hilal müəllim də orada iştirak edirdi. Azərbaycanın ilk alimi (21 yaşlı) efirə çıxar-çıxmaz həbsə atıldı. Nə baş verdi ki? Əvvəlcə də Astarada toyların birində talış folklorunu əks etdirən dekorasiya yaradılıb. Hilal müəllim də həmin toyda olub. NTV müsahibə alıb. Gümanım məni aldatmır. Məhz bu müsahibə hakimiyyəti hərəkətə gətirib. Adətən aktiv və emosional xalqlar hərəkətə hərəkatla cavab verir. Elə Hilal müəllimin qızı da sosial şəbəkədə ritorik sual vermişdi. Xalqına görə, atam həbsə düşdü. Xalq, siz ona görə nəyə hazırsınız? Hələlik xalq sadəcə "Davay da svidaniya”nı dinləməyə hazırdı...