Главная » 2012»Май»14 » Bakının mərkəzində etiraz aksiyası amansızlıqla dağıdılıb
18:56
Bakının mərkəzində etiraz aksiyası amansızlıqla dağıdılıb
Polis İctimai Palatanın Bakının mərkəzində, Nizaminin abidəsinin olduğu bağda və ona bitişik ərazidə keçirdiyi aksiyanı amansızlıqla dağıdıb.
Müxalifətçilər saat 13.00-da toplaşaraq Bakı meriyasına doğru yürüş edib orada toplaşma azadlığının təmin olunması tələbi ilə piket keçirmək niyyətində olub.
Lakin aksiya iştirakçıları toplaşıb "Azadlıq!” şüarını səsləndirən kimi polislər onların üzərinə atılaraq döyməyə və tutmağa başlayıblar. Polis yoldan keçənlər də daxil olmaqla, potensial aksiya iştirakçısı hesab etdiyi hər kəsi saxlayır.
Turan-ın müxbirinin verdiyi məlumata görə, saxlananları maşınlara əyləşdirərək aparırlar.
Bununla belə, müxalifətçilər başqa yerlərdə etiraz aksiyalarını davam etdirir. Belə ki, Fəvvarələr Meydanında müxalifətçilər kiçik mitinq keçiriblər. Bakı sakinlərindən biri, mülkiyyət hüquqları pozulmuş Şirinbacı Rzayeva çıxış edib.
O bildirib ki, siyasətdən uzaq olub, lakin indi hakimiyyət oğlunu narkotik maddə saxlamaq kimi uydurma ittihamla həbs edərək onu zorla siyasətə cəlb edir. Bu, Ş.Rzayeva aprelin 22-də mitinqdə prezident İlham Əliyevi kəskin tənqid etdikdən sonra baş verib.
"Rədd olsun korrupsiyaya uğramış rejim!”, - Ş.Rzayeva toplaşanların alqış sədaları altında qışqırıb. Bundan sonra müxalifətçilər Nizami küçəsi ilə hərəkət edərək hökumət əleyhinə şüarlar səsləndiriblər. Polislər aksiyanın qarşısını alıblar və bu zaman təsadüfən yolda olan məktəbli oğlanı döyüblər. Oğlan başından yaralanıb.