Bu gün, 19 may 2013-cü il tarixdə, Azəri – Talış İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin şadlıq saraylarının birində "TALIŞ RUHU” adlı musiqili ədəbi məclis keçirilmiçdir.
Təşkilatçıların hazırladıqları Talış və Azərbaycan dillərində "TOLIŞİ RUHU – musiqi, ədəbi məclis” adıyla tədbirin ruhunu özündə əks etdirən, 1m х 1,5m ölçülü baner-plakatı içəri buraxılmamışdır. Tədbirimizin heç bir siyasi xarakter daşımadığını iddia etsək də, plakatımızı içəri buraxmadılar. Plakatı salona keçirəcəyimiz təqdirdə, məclisimizin başlamasına icazə verməyəcəklərini bildirdilər. Azəri – Talış İctimai Birliyinin rəhbərləri, Mehdibəy Səfərov və Eldəniz Quliyev məcbur olub, həmin plakatı oradan uzaqlaşdırmaq qərarına gəldilər. Bundan sonra heç bir siyasi xarakterli söhbət aparmamaq şərti ilə məclisin öz işinə başlamasına icazə verdilər. Bütün bu şərtlər qəbul olunandan sonra məclis öz proqramlarını başladı.
Üç saat yarım davam edən "TALIŞ RUHU” musiqili ədəbi bədii məclisin aparıcıları Mədəniyyət və İncəsənət Universitetin 4-cü kurs tələbəsi Rəsulova Könül və "Təfəkkür” Universitetin 4-cü kurs tələbəsi Panalizadə Zərdüşt çox hazırlıqlı idilər.
"TALŞ RUHU” musiqili ədəbi məclisində Talış və Azərbaycan dillərində mükəmməl poeziya nümunələri yaratmış, istedadlı şair Əli Nasir və gənc şairlər Azər Xəlili, İlyasi Habil, Likməkani Mirfəyaz iştirak edirdilər. Onların yaradıcılıqlarından nümunələr səsləndirildi. Gənc poeziya həvəskarları şair Tofiq İlhamın, Xilqətin, Allahverdi Bayraminin şerlərini səsləndirdilər. 6 yaşlı Əli Səfərzadə şair Allahverdi Bayraminin "İnə” şerini əzbər dedi.
Məclisdə istedadlı muğam ustaları Firudin Ağayev, Kamran Fərziyev, İmran Ağayev, Azərbaycan Milli Konservatoriyasının Baş müəllimi Qəzənfər Abbasov və onun tələbələri Talış və Azərbaycan dillərində misilsiz muğam ifaları ilə tamaşaçıları heyrətə gətirdilər.
Muğənnilər Səməd Tolışi və Vurğun Səmədzadənin talış dilində ifa etdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Meyxana ustası Valeh Leriklinin bədahətən talış dilində söylədiyi sənət nümunələri də çox maraqlı idi. Eləcə də, İradə xanım Məlikova "Talış dilinə Allahın bir əmanəti kimi baxmaq lazımdır” deyərək, bizi ana dilimizə hörmət etməyə çağırdı. Çıxışının sonunda o, akapella şəklində talış dilində bir neçə nəğmə ifa etdi. İradə xanım şair Əli Nasiri mikrafona dəvət etdi. Onlar bir yrdə şairin "Giləvo” nəğməsini oxudular. Hamı onu alqışladı.
"TALIŞ RUHU” musiqili ədəbi məclisində tanınmış hüquqşünas Aslan İsmayılov da çox maraqlı, məzmunlu və yaddaqalan bir çıxış etdi. Tamaşaçılarr bu cəsur ictimai-siyasi xadimi alqışladılar.
Məclisdə Lənkərandan gəlmiş qonaqlar – Barat Qasımov, Sabir Şindani, Mirtağı Nəsirov və Əli Rzayev Talış dili və mədəniyyətinin inkişafına mane olan problemlərdən söhbət açdılar.
Daha sonra aparıcılar Talış xalqının qəhrəman övladları olan Zərdüşt, Atropat, Babək, Mirhəsən xan, Mirzəkuçuk xan, Dədə xan, Zülfüqar Əhmədzadə, Böyükağa Mirsalayev, Həzi Aslanov və Novruzəli Məmmədov kimi duhaların xatirəsini yad etdilər.
Eldəniz Quliyev professor Hilal Məmmədovun nahaqdan həbs olunmasını qeyd etdi və "onun cismi yanımızda olmasa da, ruhu yanımızdadır” olduğunu qeyd etdi. Sonra sözü Hilal Məmmədovun atası professor Əlif Məmmədova verdi. O, qırx ilə yaxın Ali məktəb tələbələrinə riyaziyyat fənnini tədris etməsindən, tələbələrə döğma övladları kimi münasibət bəsləməsindən söhbət açdı. Əlif müəllim qeyd etdi ki, o heç bir zaman övladlarına haram çörək verməmişdir. Hamı onu ürəkdən alqışladı.
Məclisin sonunda Azəri – Talış Birliyinin rəhbərləri, Mehdibəy Səfərov və Eldəniz Quliyev məclisin təşkil olunmasında göstərdikləri köməkliklərə görə Seyran Rəfiyevə, Seyran Dadaşova, Azər Xəliliyə, İlyasi Habilə, Ulduz Haşımova və başqalarına öz dərin təşəkkürlərini bildirdilər. Eləcə də, onlar bütün məclis iştirakçılara dərin minnətdarlıq hisslərini ifadə etdilər.
Məclisin sonunda Üzeyir Hacıbəyovun "Koroğlu” üverturası səsləndi.
Seyran Rəfiyev
Azəri – Talış İctimai Birliyinin İH üzvü,
Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviri