Əhali ilə polis arasında qarşıdurma yaranıb, uşaqlar fəhlələri və polisləri daşa basıb
Azadlıq Radiosu xəbər verir ki, dekabrın 14-də Binəqədi rayonu, Xocasənin Sulutəpə yaşayış massivində əməlli-başlı küçə döyüşləri baş verib. Dövlət Neft Şirkəti Sulutəpədə söküntü işləri aparılması üçün yaşayış massivinə ordu yeridib. Küçələr Neft Şirkətininin təhlükəsizlik xidmətinin əli dəyənəkli, hərbi geyimli əməkdaşları, həmçinin dəbilqəli, əli dəyənəkli-qalxanlı polislərlə doldurulub. Sakinlərsə evlərinin sökülməsinin qarşısını almaq üçün onlara daş atıb ərazidən uzaqlaşdırmağa çalışıbar.
Xəsarətlərdən üzündə-gözündə salamat yer qalmayan Sulutəpə sakini Rəhman Tağıyev deyib ki, Dövlət Neft Şirkətinin təhlükəsizlik işçiləri tərəfindən döyülməyi bir tərəfə, evi də bir anın içərisində yerlə-yeksan edilib.
Ərazidə bəzi uçurulmuş evlər də var ki, sahibləri bundan axşam işdən qayıdandan sonra xəbər tutacaqlar. Belə evlər əşyaları içərisində ola-ola uçurulub.
Təqribən saat 5-ə qədər ərazidə evləri uçurmaq üçün fürsət gəzən neft şirkəti işçiləri özləri ilə gətirdikləri ağır texnikayla küçələri dolaşsalar da sakinlərin kütləvi etirazları onlara söküntü işlərini davam etdirməyə imkan verməyib. Sakinlər dedilər ki, «belə hallar tez-tez baş verir. SOCAR işçiləri əraziyə bir də ara sakitləşəndən sonra qəflətən gələcəklər və bir neçə ev də söküb etirazlar altında çıxıb gedəcəklər».