Vladimir Putinin yenidən prezident kürsüsünə qayıtması Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə yaxşı heç nə vəd etmir. Gizli deyil ki, postsovet kateqoriyalı ölkələrdə şəxsi münasibətlər az rol oynamır. Yeri gəldikcə, birinci şəxslərin qarşılıqlı simpatiya və antipatiyaları çox zaman öz minusları ilə dövlət siyasətinə sirayət edir.
Azərbaycan prezidenti İlham Əliyevin Vladimir Putinlə münasibətləri sonuncunun prezidentliyinin birinci dövründə qaydasında deyildi. Baxmayaraq ki, zahirən hər iki prezidentin bir-birinə münasibəti normal idi, siyasi və iqtisadi əlaqələr üzrə göstəricilər sabit olaraq artırdı. Amma Dmitri Medvedyev hakimiyyətə gəldikdən sonra məlum oldu ki, hər şey heç də televizorun ekranında göründüyü kimi qaydasında deyilmiş.
Amerika diplomatlarının WikiLeaks vasitəsilə mətbuata "sızıntıları” Əliyevi hər imkanda loyallıq sərgilədiyi Rusiya rəhbərliyi qarşısında pis vəziyyətdə qoydu. Əliyevin Medvedyevlə bağlı şəxsi təəssüratını Amerika diplomatlarına yeni nəslin müasir intellektualı kimi təsvir etməsi göstərdi ki, Azərbaycan prezidenti özünü Putinin protjesi yanında daha rahat hiss edirmiş. Çünki İ.Əliyev özünü də Qərb manerasına malik, ingilis dili bilən yeni nəsil intellektuallarına aid edir.
Medvedyevə üstünlük verməklə fəaliyyətdə olan tandemə məqsdəuyğun olmayan qiymət verən Əliyev Putin erasının arxada qalmağına ümid edirmiş, bəlkə də buna əmin imiş. Ola bilər ki, onun baş nazir Putindən qaçmağı bununla bağlıdır. Məlum olan qədər D.Medvedyevin hakimiyyəti dövründə Əliyev Moskva səfərlərində bir dəfə də olsun Putinlə görüşmədi.
Moskvanin Cənubi Qafqazda təsirini bərpa etmək cəhdlərinə Əliyevin mənfi münasibəti DTK-nın keçmiş generalı Heydər Əliyevə xüsusi münasibəti olan, 2001-ci ildə prezident olaraq yeni yüzillikdə ilk xarici səfərini Azərbaycana edən polkovnik Putinin gözündən qaça bilməzdi. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsinə Putinin dəstəyi az olmayıb, amma sonradan kiçik Əliyevin qərbyönlü siyasətindən məyus olub.
Kreml kabinetlərinin Əliyevin xarici siyasi üstünlükləri haqqında bildikləri geniş publikaya 2011-ci ildə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin Əliyevlə ABŞ Silahlı Qüvvələri Avropa komandanlığının rəhbərinin Con Kreddokun danışıqları barədə hesabatından sonra məlum olub. Danışıqlar 2009-cu ilin mayında keçirilib. Əliyev Azərbaycanın qərbyönlü kursunun irəliləməsi məqsədilə Rusiya və İrandan qorunmaq üçün ciddi siyasi zəmanətlər istəyib.
Putinin prezident kabinetinə qayıdışı qəti məlum olduqdan sonra Əliyevə Moskva ilə ilk növbədə hərbi münasibətlərdə məsafə saxlamaqdan başqa yol qalmayıb. O, bunu 1992-93-cü illərin təcrübəsinə əsasən xatırlayır. O zaman general Şerbakın komandanlığı ilə Gəncənin 104 saylı desant diviziyasının timsalında Rusiyanın hərbi iştirakı daxili siyasi proseslərdə sabitliyin pozulmasında rol oynayıb.
Bu gün Azərbaycan ərazisində yeganə hərbi obyekt Rusiyanın icarəyə götürdüyü Qəbələdəki "Dəryal” radiolokasiya stansiyasıdır. Bu, desant və ya motoatıcı birləşmə olmasa da, hər halda Rusiyanın bu ölkədə hərbi iştirakını təmin edir.
Stansiyanın fəaliyyət müddətinin uzadılmasına dair danışıqlarda Azərbaycanın son təklifi ondan xəbər verir ki, Bakı Rusiya hərbçilərinin bu obyektdən çıxarılmasını sürətləndirmək istəyir. 4 mart seçkisində Putinin var gücü ilə müxalifətin səsini qazanmağa çalışdığı bir vaxtda Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə haqqını 40 dəfə - 7-dən 300 mln. dollara qədər artırdı ki, buna mahiyyət etibarilə icarə haqqında sazişin uzadılmasından imtina kimi baxmaq lazımdır.
RF Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov belə nəticəyə gəlib ki, Azərbaycanın bu addımı ona gətirib çıxaracaq ki, Rusiya stansiyadan imtina etməli olacaq.
Rusiya hakim tamdeminin dekabrda Əliyevin 50 illiyi münasibətilə göndərdiyi təbrik belə Moskvaya meydan oxuyan Azərbaycan prezidentinin mövqeyini yumşaltmadı.
Qəbələ ilə bağlı hərəkətlər və İranla konfrontasiya göstərir ki, general Kreddokla söhbət nəticəsiz qalmayıb və Əliyev, ABŞ-ın lazımi siyasi dəstəyini alıb ki, bu da Azərbaycanın 2008-ci il Gürcüstan ssenarisindən qaçmasına imkan verəcək. Əlbəttə, Əliyevin Moskva ilə, Putunin də Bakı ilə münasibətlərdə konfrontasiya mövqeyini tutacağını düşünmək sadəlövhlük olardı. Hər iki lider üçün asan olmayan inqilabi dəyişikliklər zamanında balansı saxlamaq olduqca vacibdir (Turan).