(Lirik poema)
İlk dəfə dərc olunur
…Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz tutanlar.
Şirin bir xatirətək, qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
Bu Talış diyarında Molla Cəlal adında,
Bir məğrur kişi vardı, o hamının yadında,
Uzun illər keçsə də, qalacaq iftixarla,
Sonsuz qəmlə, qüssəylə, müsibətlə, qubarla.
Axı, ölməyib, daim yaşayar Molla Cəlal,
Vətənini qəlbində daşıyar Molla Cəlal.
Yenə düzlüyü, haqqı, həqiqəti qoruyar,
Heç vədə pozulmayan sədaqəti qoruyar.
Yalanı, iftiranı qamçılayar hünərlə,
Ömrün uzun yolunu keçər səylə, hünərlə.
Dost cildinə girən hər düşməni qamçılayar,
Haram, hədər yollara düşəni qamçılayar.
Qoruyar hər yaxşını, yamanı qamçılayar,
Qəmi, qüssəni, ahı, amanı qamçılayar.
Bəli, yaxşılıqları daşıyar Molla Cəlal,
Könüllərdə həmişə yaşayar Molla Cəlal.
O daima düzlükdən, həqiqətdən deyərdi,
Ana vətənə, xalqa məhəbbətdən deyərdi.
Hamını məharətlə yaratmağa, qurmağa,
Vətənin keşiyində, mətanətlə durmağa,
Səsləyirdi qəlbinin hər eşqi, hər niyyəti,
Günəş kimi alovlu məhəbbəti, ülfəti.
Bütün çətinliklərə gərirdi, polad sinə,
Yayırdı sülhü, haqqı bütün Yer kürəsinə.
Bəli, o hər yalanı, qamçılayırdı səylə,
Çıxırdı hər sınaqdan zəfərlə, qələbəylə.
Mənfur yağını yenib, düşməni bağlayırdı,
Onlardan dost cildinə, düşəni dağlayırdı.
Bəyənirdi yaxşını, pisi qamçılayırdı,
Haqqın doğru səsini, kainata yayırdı.
Bəli, heç vədə ölməz, yaşayar Molla Cəlal,
Bütün yaxşılıqları daşıyar Molla Cəlal.
Yenə sevər öz ana torpağını, daşını,
Torpağının, daşının hər bir vətəndaşını.
Vaxtında yetirirdi, hər kasıba əlini,
Sanki dirildirdi o, lap Həzrəti Əlini.
Fəlsəfə elmini o, lap dərindən bilirdi,
Quranı başdan-başa tərənnüm eyləyirdi.
Axı, nəydi günahı, söylə ey Pərvərdigah?
Vaxtsız-vədəsiz soldu qəlbindəki arzular.
O heç zaman, heç kəsə bir pislik etməmişdi,
Düz yolu azıb əyri, yol ilə getməmişdi.
Onu dinləyən hər kəs, səsindən zövq alardı,
Eşqinə, ülfətinə hamı heyran qalardı.
Neçə illər sərasər soyuq Sibirdə oldu,
Həsəd qaldı həyata, sanki qəbirdə oldu.
Köçdü qoca dünyadan, yaman vədəsiz köçdü,
Qoydu ana yurdunda, pozulmayan iz, köçdü.
Ellərin ürəyini tamam yandırdı, köçdü,
Ən böyük müsibəti, qəmi andirdi köçdü.
Dözmədi bu dəhşətə, bütün ellər ağladı,
Məzarının üstündə qızıl güllər ağladı.
Ağladı mərd atalar, analar da ağladı,
Sədaqətli bacılar, sonalar da ağladı.
Üfüqlərlə birləşən uca dağlar ağladı,
Zəhmətilə saldığı barlı bağlar ağladı.
Hamı heyran olurdu şahanə qamətinə,
Əzəmətdə, vüqarda yeganə qamətinə.
Gözlərinin parlayan nuruna, işığına,
Gülgün yanaqlarının sonsuz yaraşığına.
“Allah-Allah” söyləyən məlahətli səsinə,
Neçə xoş qəzəlinə, həzin mərsiyəsinə,
Hər dəfə iftixarla, minbərə çıxanda o,
Sanki ildırın kimi alışıb çaxanda o,
Məclisi başdan-başa özünə cəzb edirdi,
Sanki şanlı Kəbəyə, Mədinəyə gedirdi.
Qəlbindən od yağırdı, lap atəş süzülürdü,
Hamının ürəyinə,heyrətlə düzülürdü.
Axı, nəydi günahı?, qoy desin Pərvərdigar,
Soldu xəzana döndü sinəsində arzular.
Neçə şirin əməli, neçə niyyəti soldu,
Könülləri yandıran saf məhəbbəti soldu.
Axı, nəydi günahı! Kimə neyləmişdi o,
Kimin saf ürəyinə, qəlbinə dəymişdi o.
Kimin bağında bircə budağını əymişdi,
Kimin ardınca bircə nalayiq söz demişdi.
Bəli, o hər çətində mətin idi, mərd idi,
Dostuna daim həlim, düşməninə sərt idi.
Sərt idi dövrünün ən, mənfur cəlladlarına,
Xalqının, millətinin dəhşətli yadlarına.
Gəlin ay obalar, gəlin ay ellər,
Daim yad eləyək Molla Cəlalı.
Keçdikcə xoşqədəm fəsillər, illər,
O söz meyarının eşqin, vüsalın,
Bütün kainata bəyan eyləyək,
Hər şirin sözünü əyan eyləyək.
Qoy hamı bilsin ki, bizim bölgədə,
Dünya yaşadıqca heç an, heç vədə,
Ölməyən misilsiz bir alim olub,
Mətin, mətanətli bir müəllim olub.
Allaha bənzəyən bir Allah olub,
Allahın verdiyi Qibləgah olub.
Heyif ki, cəlladlar qoymadı onu,
Rahat yaşamağa xalqın oğlunu,
Vaxtsız qopardılar xalqın əlindən,
Bir suçu olmayan Talış elindən.
Ayrılmaq istəmirdi, öz ana torpağından,
Neçə güllü-çiçəkli, səfalı oylağından.
Günəş kimi sayrışan işıqlı zirvələrdən,
Saf eşq ilə yazdığı neçə nurlu əsərdən.
Neçə mərsiyəsindən, neçə şah qəzəlindən,
Sədaqətli, səmimi, mehriban gözəlindən.
Fələk vermədi aman, rəhm etmədi, ay Allah,
Köçdü qoca dünyadan Molla Cəlal bir sabah.
Bu yerlər başdan-başa qəmli yasa büründü,
Varlığı sarsıdılan bir diyartək göründü.
Hər tərəfi ah-aman, hər yanı qan bürüdü,
Qəlbləri dözülməyən bir həyəcan bürüdü.
Bütün şirin arzular, niyyətlər külə döndü,
Ən işıqlı yolları bağlayan selə döndü.
Yas tutdu hər tərəfdə, düzənlər də, dağlar da,
Heç bir suçu olmayan, bütün ana torpaq da.
Yalnız Kolatan deyil, bütün Talış diyarı,
Ağladı, sanki soldu, ilk yazı, ilk baharı.
Axı, Molla Cəlal bir, çiçəkli bahar idi,
Ellərinin dilində işıqlı şüar idi.
Yandırdı yurdumuzun, bir günahı olmayan,
Daşını, torpağını Molla Cəlal fəryadı.
Ən barlı düzənini, ən dərin dərəsini,
Ən möhtəşəm dağını, Molla Cəlal fəryadı.
Mehriban anaları, mübariz ataları,
Gül üzlü gözəlləri, Molla Cəlal fəryadı.
Sonsuz zirvələrinə min bir yaraşıq verən,
Çiçəkləri, gülləri Molla Cəlal fəryadı.
Yurdunda qanlar tökən o mənfur cəlladlardan,
Qisasını alacaq, Molla Cəlal fəryadı.
Ellərinin misilsiz, eşqinə - ülfətinə,
Daim sadiq qalacaq Molla Cəlal fəryadı.
Mənim də bu nəğməli ürəyimi qəflətən,
Yaman yandırdı-yaxdı Molla Cəlal fəryadı.
Bərabəri olmayan od oldu, atəş oldu,
Üstümə birdən axdı, Molla Cəlal fəryadı.
Kim dözər bu bəlaya, kim dözər bu dəhşətə,
Deyin, bəs necə dözdü, Molla Cəlal fəryadı!
Yox, yox, həm öz canını, həm ellərin canını,
Bu dəhşət ilə üzdü Molla Cəlal fəryadı.
Quş kimi pərvazlanıb uzaqlardan-uzağa,
Qanadını çalacaq Molla Cəlal fəryadı.
Dinimizə qəsd edən bütün qəsbkarlardan,
Son qəsdini alacaq Molla Cəlal fəryadı.
Masallı rayonu, Qodman kəndi 1995-ci il
Poemanı özünün facebook profilində həkim Xudaşirin Cəbiyev paylaşıb.
|