Bir neçə gün əvvəl "Azərros” Rusiyadakı Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti Mirəşrəf Fətiyev qurumdakı vəzifəsindən istefa verdiyini bəyan etdi. O bu addımına səbəb kimi "Azərros” prezidenti Söyün Sadıqovun ermənilərlə separat sövdələşməyə getməsini göstərib. APA-nın Moskva müxbirinə açıqlamasında M.Fətiyev bildirib ki, S. Sadıqovun ermənilərlə bir masa arxasında oturaraq istər Qarabağ, istərsə də münaqişədən kənar mövzuları müzakirə etməsi və iki diaspor arasında dostluq yaratma cəhdləri ilk növbədə xalqımızın milli maraqlarına zərbə vurmaqdır. Söyün Sadıqovun son zamanlar atdığı addımları böyük səhv hesab etdiyini deyən M.Fətiyev onun rəhbərlik etdiyi təşkilatdan istefa verdiyini bildirib.
M.Fətiyevin bəyanatı cavabsız qalmayıb.
AzərRos AFMK-nın mətbuat xidmətinin yaydığı bəyanatda bu şəxsin istefa vermədiyi, qurumdan çıxarıldığı bildirilib.
Qurumun yaydığı məlumatda deyilir: «Mirəşrəf Fətiyevin APA informasiya agentliyinə güya AzərRos AFMK ilə Rusiya Erməniləri İttifaqının görüşünə etiraz əlaməti olaraq istefa verməsi barədə dedikləri spekulyativ xarakter daşıyır. Bu bəyanat o artıq AzərRos AFMK vitse-prezidentliyindən istefaya göndəriləndən sonra verilib. Xatırladaq ki, onun AzərRos AFMK vitse-prezidentliyindən istefaya göndərilməsi ilə bağlı qərar 2012-ci ilin noyabrın 28-də AzərRos AFMK-nın rəasət heyətinin toplantısında qəbul edilib. Səbəb kimi isə onun AFMK-nın nizamnamə vəzifələrinin yerinə yetirilməməsi və Avropada İran və ABŞ-ın müəyyən dairələrinin diktəsi ilə şübhəli təşkilatları yaratması olub. M.Fətiyevə dəfələrlə belə fəaliyyətin yolverilməz olması ilə bağlı xəbərdarlıq edilib» (Azadlıq Qəzeti).