Azəri – Talış İctimai Birliyi Var və həmişə də Mövcud olacaq!
Deyəsən, bəzi bədxahlar ATİB-nin fəaliyyətini müvəqqəti dondurmasını öz istədikləri səmtə yozub, bundan sevindilər.
Xeyr! ATİB nə istədiyini bilir və bu addımını da düşünərək, ölçüb-biçərək atmışdı.
Ədliyyə Nazirliyinin heç bir əsaslı arqument göstərmədən Birliyimizi qeydiyyata almaması, məhkəmə instansiyalarında üzləşdiyimiz ədalətsizliklər, üzvlərimizə qarşı təşkil olunmuş təzyiq kompaniyası, tədbirlərimizin keçirilməsinə yaradılan süni əngəllər və s. bizləri ETİRAZ əlaməti olaraq fəaliyyətimizi müvəqqəti səngitməyə vadar etmişdi.
Qoy, Talışın milli mənafeyinə sayğısız yanaşan, ləyaqət hissini itirmiş adamlar və ya qüvvələr vaxtından əvvəl sevinib şadlanmasınlar!
Azəri – Talış Birliyi çox böyük işlərə imza atmağa hazırlaşır və bu gündən etibarən siyasi-ictimai hadisələri, eləcə də milli-mənəvi dəyərlər sistemini əhatə edən silsilə tədbirlər keçirməyə start verir.
Bütün məsuliyyətimizlə qeyd edirik: ölkəmizin həyatında baş verən bir çox əhəmiyyətli olaylarda – dövlətçiliyimizin hifz olunmasında, demokratik, bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu, eləcə də dilindən, dinindən asılı olmayaraq, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması yolunda Azəri – Talış İctimai Birliyi daima öndə olub və bundan sonra da bu Yolu, bu Amalı özünün ALIN YAZSI kimi qəbul edəcəkdir!
Mübarizəniz mübarək, Vətən övladlarım!
Mehdibəy Səfərov,
Azəri – Talış İctimai Birliyinin sədri,
20 mart 2014-cü il