Yadigar Sadıqlının 6 il müddətinə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyirik
Bu gün, 13 yanvar 2014-cü il tarixdə, Azərbaycan Respublikasının Lənkəran rayon Məhkəməsi Musavat Partiyası sədrinin muşaviri, ölkəmizdə dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə cəsarətlə mübarizə aparan ictimai-siyasi xadim Yadigar Sadıqlını 6 il müddətinə azadlıqdan məhrum etmişdir.
Azəri – Talış İctimai Birliyi bu xəbəri çox böyük təəssüf və dərin narahatçılıqla qarşılamışdır. Biz, qəti əminik ki, çox yüksək mədəniyyətə, mənəviyyata və intellektə malik hərtərəfli şəxsiyyət olan Y. Sadıqlıya qarşı qaldırılan iddialar böhtan və saxta və sifariş xarakterlidir! O heç də, konkret törətdiyi hər hansı cinayət əməlinə görə deyil, əksinə, ölkəmizin demokratikləşməsi yönündə apardığı ardıcıl, prinsipial və ədalətli ictimai-siyasi fəaliyyətinə görə şərlənərək, həbs edilmişdir!
Çox təəssüflər olsun ki, Lənkəran rayon Məhkəməsi Y. Sadıqlı ilə bağlı məntiqə, faktlara, sübutlara əsaslanmadan qeyri-obyektiv, ədalətsiz və sifarişli hökm çıxardaraq, onu uzun müddətə azadlıqdan məhrum etmişdir!
ATİB ölkəmizdə ləyaqətli, qürurlu vətəndaş cəmiyyəti quruculuğu, eləcə də demokratik dəyərlərin inkişafı naminə şərəflə mübarizə aparan Musavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqlının Lənkəran rayon Məhkəməsi tərəfindən absurd ittihamlarla 6 il həbs cəzasına məhkum etməsini qətiyyətlə pisləyir, bunu ölkəmizdə azad sözə, demokratik düşüncəyə qarşı basqı kimi dəyərləndirir.
Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri