Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4-cü dəfə real hüquqi əsas olmadan təşkilatı qeydiyyatdan keçirtməkdən boyun qaçırdı
23 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi artıq 4-cü dəfədir ki, Azəri – Talış milli-mənəvi Dəyərlər İctimai Birliyini Dövlət qeydiyyatından keçirməməklə bağlı təsisçilərə imtina məktubu göndərmişdir. Obyektiv reallıqdan uzaq, hər hansı konkret "çatışmazlıq” özündə ehtiva etməyən, eləcə də heç bir məntiqə əsaslanmayan cavablar verməklə, ƏN ölkə vətəndaşları olaraq "ictimai birliklər yaratmaq”la bağlı Konstitusiya hüquqlarımızı pozmuşdur. Belə ki, 1-ci dəfə aldığımız imtina məktubundan sonra, hər 3 dəfə Dövlət qeydiyyatından keçmək üçün tələb olunan bütün sənədləri normativlərə uyğun tərtib edərək, ƏN-nə təqdim etmişik. Eləcə də, yazılı şəkildə müraciət edib sənədləşmələrdə səhv hesab etdiyiniz bütün çatışmazlıqlar barədə ətraflı məlumat vermələrini xahiş etsək də, ƏN isə öz növbəsində hər dəfə şablon və qeyri-müəyyən məzmunlu cavablar yazaraq Birliyimizi Dövlət qeydiyyatından keçirməsinə imtina etmişdir. Hesab edirik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi heç bir ciddi əsas göstərmədən Birliyimizi Dövlət qeydiyyatından keçirməməklə bizə qarşı qərəzli mövqe sərgiləmişdir.
Bütün bunları nəzərə alaraq, Azəri – Talış İctimai Birliyinin təsisçiləri olaraq, məhşur xalq mahnısında ifa olunduğu kimi: "Səndən yar, sənə yar, şikayətim var!” – prinsip və motivlərini əsas götürərək, Ədliyyə Nazirliyindən Ədliyyə Nazirliyinə (Məhkəməyə) şikayət etmək qərarına gəlmişik.
Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri