Azəri – Talış İctimai Birliyi Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs edilməsilə bağlı bəyanat yayıb. Birliyin təsisçiləri Eldəniz Quliyev və Mehdibəy Səfərovun imzaladığı bəyanatda deyilir:
"27 iyun 2013-cü il tarixdə Lənkəran şəhərində yerləşən çayxanaların birinin qarşısında Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi xadimi, Müsavat Partiyası Lənkəran şöbəsinin sədri Yadigar Sadıqov Rəşid Kərimov adında öyrədilmiş bir şəxs tərəfindən təhqir və söyüşlərə məruz qalmışdır. Yüksək mədəniyyəti, habelə insanlarla davranış qaydalarına hər zaman səbrlə riayət edən Yadigar bəy R. Kərimovun bu hərəkətini özünə qarşı əvvəlcədən düşünülmüş pravokasiya saymış və həmin adamın kobud davranışlarına fikir verməyərək, oradan uzaqlaşmışdır.
Bütün bunlara baxmayaraq, müəyyən qüvvələr tərəfindən öyrədilmiş R. Kərimov törətdiyi hərəkətlərdən xəcalət çəkmək əvəzinə, KİV-nə, sosial şəbəkəlkərə, eləcə də hüquq mühafizə orqanlara bilə-bilə, qəsdən xəbərçilik edərək Yadigar Sadıqovun onu təhqir edib fiziki zorakılık etməsi barədə yalançı məlumat vermişdir.
Hüquq mühafizə orqanları bu yalançı şahidin iftira xarakterli məlumatları əsasında ölkəmizin insan hüquq və azadlıqlarının qorunması istiqamətində mücadilə aparan ən fəal müxalifətçi-ziyalımız həbs olunmuşdur.
Bu həbsin Yadigar Sadıqovun bərabərhüquqlu vətəndaş cəmiyyəti, eləcə də ölkəmizin demokratikləşməsi istiqamətində göstərdiyi fəal vətəndaş mövqeyinə görə ona qarşı uydurulmuş bir iftira olduğu qənaətindəyik.
Bütün bunlara rəğmən, Azəri – Talış İctimai Birliyi Musavat partiyasının Lənkəran şöbəsinin sədri Yadigar Sadıqovun qeyri-qanuni yollarla həbs olunmasını qətiyyətlə pisləyir və onun dərhal azadlığa buraxılmasını tələb edir!"