Главная » 2013»Март»24 » Azəri-Talış Birliyindən hökumətə sərt ittihamlar (tədbirin video yazısı) (yenilənib)
22:20
Azəri-Talış Birliyindən hökumətə sərt ittihamlar (tədbirin video yazısı) (yenilənib)
Mehdibəy Səfərov: "Əgər dövləti, milləti sevmək separatçılıqdırsa, ən böyük separaçı mənəm” Eldəniz Quliyev: "Ayrı-ayrı millətləri proseslərdən kənarda saxlamaq istəyənlər hakimiyyətdə oturan qüvvələrdir
Martın 17-də Bakıda Azəri-Talış Birliyi Novruz Bayramı ilə bağlı geniş bayramı tədbiri keçirdi. Tədbirdə tanınmış siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər. Tədbirə Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə start verildi.
Daha sonra birliyin həmsədri Mehdibəy Səfərov qurumun yaranması və məqsədləri barədə məlumat verdi. O bildirdi ki, bəzi qüvvələrin təqdim etmək istədiyi kimi Azəri-Talış Birliyi hansısa separatçı məqsədlər üçün deyil, Azərbaycan xalqının, o cümlədən bu xalqın nümayəndələri olan talışların adət ənənələrinin, dilinin, folklorunun qorunub inkişaf etdirilməsi məqsədi ilə yaradılıb: "Bizim məqsəd və məramımız aydındır. Məqsədimiz, amalımız dövlətçilik və Azərbaycançılıqdır. Amma buna baxmayaraq, kimsə konstitusion hüququnu tələb edirsə, ona separatçı, casus damğası vurulur. Bu səbəbdən yalnız talışların deyil, Azərbaycanın barmaqla sayılan ziyalılarından biri olan, professor Novruzəli Məmmədovu şərləyib həbs etdilər və onu həbsxanada öldürdülər. İndi də professor Hilal Məmmədov eyni saxta ittihamla həbs edilib. Əgər dövləti, milləti sevmək, separatçılıqdırsa, bəri başdan mən də elan edirəm ki, bu halda elə ən böyük separaçı mənəm”.
Daha sonra Ziyalılar Birliyinin sədri, Azəri-Talış Birliyinin həmsədri Eldəniz Quliyev çıxış edərək, ziyalılar və vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Azərbaycanda normal bir dövlət qurmaq istədiklərini dedi: "Normal dövlətin qurulmasında hamı kimi talışlar da öz töhfələrini vermək istəyir. Ayrı-ayrı millətləri baş verən proseslərdən kənarda saxlamaq istəyənlər hakimiyyətdə oturan qüvvələrdir. Azərbaycanda separatizmə dəstək verənlər də məhz onlardır. Bu günə qədər bir neçə dəfə Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət etmişik. Lakin hər dəfə gülünc bəhanələrlə qeydiyyata almaq istəmirlər. Nazirlikdən bizə bildiriblər ki, təşkilatın adından "Talış” sözünü çıxarın qeydiyyata alaq”.
Daha sonra çıxış edən tarixçi-jurnalist Firuz Haşımov ölkədə özbaşınalıq yaşandığını dedi: "Hakimiyyətdə xüsusi harınlamış və murdar təbəqə var ki, əmək haqları min manat olmaya-olmaya övladlarını dünyanın ən bahalı universitetlərində oxudur, cariyələrinə maşın bağışlayır və özlərinə dəyərləri milyonlarla dollar olan qəsrlər tikirlər”.
Daha sonra çıxış edən şair Əli Nazir hakimiyyətin əks fikirli olan hər kəsi "cəngəllik qaydaları” ilə cəzalandırdığını dedi: "Sanki bunlar bir metrə çəkiblər və hər kəs boynunu büküb yerimələidir. Kimsə cəsarət edib başını bu metrədən yuxarı qaldırsa, başı vurulacaq. Bu səbəbdən Hilal Məmmədov, Əvəz Zeynallı və çoxsaylı əqidə insanları zindana atılıb. Mən özüm də şərlə zindana atılmışım və zindanın nə olduğunu yaxşı bilirəm, ona görə də hər bu bayram günlərində haqsız yerə zindana düşən hər kəsin qapısının açıq olmasını, onların ailələrinə qovuşmasını arzu edirəm”.
"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, vəkil Xalid Bağırov, Hilal Məmmədovun atası, professor Əlif Məmmədov, jurnalist Rafiq Cəlilov, Samir Kazımlı və digər şəxslər də çıxış edərək novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdilər. Tədbir Talış və Azərbaycan dillərində mahnıların ifası, rəqslərlə və Valeh Leriklinin ifasında meyxana ilə davam etdi. İdrak Abbasov bizimyolinfo.com