Təkcə ötən il 500 min Azərbaycan vətəndaşı işsizlik və korrupsiya üzündən Rusiyaya üz tutub
Rusiyada
çalışan azərbaycanlı işçi miqrantların Azərbaycanda ailə üzvlərinə
göndərdiyi vəsaitin həcmi ildə 1 milyard dollara çatır Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) direktoru Konstantin Romodanovski ötən il Azərbaycandan bu ölkəyə yarım milyon miqrantın getdiyini açıqlayıb. O, Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya təkcə ötən il 14 milyon miqrant qəbul edib. K.Romodanovskinin sözlərinə görə, MDB dövlətlərindən gələn miqrantların sayı 9,7 milyon nəfərdir.
FMX-nin rəhbəri keçən il Ukraynadan 2,7 milyon, Özbəkistandan 2 milyon, Qazaxıstandan 1,5 milyon, Tacikistandan 1 milyon, Azərbaycan, Moldova, Qırğızıstan və Ermənistanın hər birindən ayrı-ayrılıqda 500 min nəfər miqrantın Rusiyaya gəldiyini açıqlayıb. K.Romodanovski qaçaq yollarla Rusiyaya 220 min nəfər miqrantın gəldiyini deyib: "Onlardan 76 min nəfəri könüllü olaraq Rusiyanı tərk edib, 29 min nəfər isə deportasiya edilib”.
K.Romodanovski bildirib ki, miqrasiya qanunlarını pozan şəxslərə qarşı cinayət məsuliyyəti sərtləşəcək, deportasiya olunan miqrantların Rusiyaya qayıtmasına 5 il icazə verilməyəcək: "Miqrantları qanunsuz yollarla ölkəyə gətirən şəxslərə veriləcək həbs cəzası 5 ildən 10 ilə qaldırılacaq”.
Qeyd edək ki, Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi hazırda geniş müzakirə mövzusudur və bu müzakirələrə baş nazir, prezidentliyə namizəd Vladimir Putin "İzvestiya” qəzetində seçki platformasının əsas tezislərindən ibarət məqaləsi ilə start verib. Putin həmin məqaləsində göstərmişdi ki, miqrantlara qarşı qaydalar sərtləşdirilməli, onların Rusiyada yaşamasına icazə verilməsi üçün rus dilindən imtahan verməsi vacibdir.
FMX rəhbəri isə Putinin tezisləri əsasında bildirib ki, onun başçılıq etdiyi struktur miqrantların kütləvi şəkildə qeydiyyatda olduqları mənzillərlə bağlı araşdırma başlayıb. K.Romodanovski deyib ki, belə mənzillərdə bəzən yüzlərlə miqrant qeydiyyatda olur və araşdırmalar nəticəsində onların 3 aydan artıq mənzildə yaşamadığı üzə çıxsa, qeydiyyatları ləğv ediləcək.
Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsinə görülən hazırlıqlar Azərbaycanda da narahatlıqla izlənilir. Ekspertlərin qənaətinə görə, bu addım yüz minlərlə azərbaycanlının bu ölkədən deportasiyası ilə nəticələnə bilər.
FMX rəhbərinin açıqladığı statistika isə dəhşətlidir. Azərbaycandan təkcə bir ildə yarım milyon adamın qazanc dalınca bu ölkəyə üz tutması milli təhlükəsizliyi təhdid edə biləcək səviyyədə ciddi problem sayıla bilər. Bu cür kütləvi miqrasiyanı doğuran səbəblər isə əsasən ölkədəki işsizlik, korrupsiya, sosial ədalətsizlik və digər problemlərdir.
İndiyədək Rusiyaya qazanc dalınca nə qədər azərbaycanlının getdiyinə dair dəqiq statistika yoxdur. Azərbaycan tərəfi bu statistikanı bir qayda olaraq müfəssəl təqdim etmir. Qeyri-rəsmi rəqəmlərə görə, indiyədək Rusiyaya qazanc dalınca gedən azərbaycanlıların sayı 1.5-2 milyon arasındadır. Bu, ölkə əhalisinin az qala beşdə biri deməkdir və belə görünür ki, ölkədən işsizlik üzündən kütləvi axın daha da sürətlənir. Baxmayaraq ki, rəsmilər indiyədək ölkədə az qala 1 milyon yeni iş yerinin yaradıldığını deyirlər. Onu da xatırladaq ki, Rusiyada çalışan azərbaycanlı işçi miqrantların Azərbaycanda ailə üzvlərinə göndərdiyi vəsaitin həcmi ildə 1 milyard dollara çatır. Nəzərə almaq lazımdır ki, bu, yalnız banklar vasitəsilə göndərilən və qeydiyyatı aparılan vəsaitdir. Qeyri-rəsmi göndərişləri də hesablayanda ortaya daha böyük məbləğ çıxır.
TALISH.ORG
|