Əziz və hörmətli həmvətənlər!
Bu gün Azərbaycanda yaşayan köklü xalqların hər biri çox məsuliyyətli seçim qarşısındadır! Siz ya öz taleyinizin tamaşaçısından onun həqiqi iştirakçısına çevrilməlisiniz, ya da biganəlik və çarəsizlik ətalətinə məruz qalıb haqsızlıq və ədalətsizliklərlə barışmalısınız.
Hər birimiz doğruyla oğrunun, ağla qaranın arasında, haqq-ədalətlə ədalətsizlik və özbaşınalıq arasında, son nəticədə, YAXŞI ilə PİS arasında seçim edib öz qəti mövqeyimizi bildirməliyik. Bunu edə bilməsək, ölkəmizdə pozitiv dəyişikliklər, inkişaf da olmayacaqdır! Ümidsizlik, laqeydlik və pessimizm sindromlarından birdəfəlik qurtulub toparlanmalı, iradə nümayiş etdirməli və nəhayət ki, layiq olduğumuz həyatı qurmalıyıq. Eyni zamanda, artıq hamımız dərk edirik ki, layiqli həyata və Allah-Təalanın bəxş etdiyi işıqlı ömrə sahib çıxmaq üçün, ilk növbədə korrupsiya bataqlığında boğulan avtoritar rejimdən xilas olmalı, azad, demoktatik və sivil cəmiyyət qurub-yaratmalıyıq. Bizlər bunu bir yerdə etməliyik və edəcəyik də! Çünki bu bir şərəf və ləyaqət mücadiləsidir!
Yetər ki, uzun illər ərzində verilmiş yalançı vədlərə inandıq! Yetər ki, yalan siyasətə, yalan həyata və yalançı məmurlara ümid edib aldandıq!
Biz elə bir cəmiyyət qurulmasını arzu edirik ki, insan hüquqlarının bütün spektri – sosial, dini, milli özünü ifadə haqqı, ifadə azadlığı, bərabərhüquqlu yaşayış prinsipləri, eləcə də digər fundamental hüquq və azadlıqlar QANUNLA müdafiə olunsun! Hər bir xalqın mədəni irsi, tarixi, milli-mənəvi dəyərlər sistemi və digər mental keyfiyyətləri Dövlət tərəfindən yüksək səviyyədə hifz olunsun, inkişaf etdirilsin! Bu yanaşmaya alternativ olmamalıdır!
Bütün bu deyilənlər azad, ədalətli və demokratik seçkilər yolu ilə, həqiqətən xalq tərəfindən seçilən Parlament və həqiqətən xalq tərəfindən sevilib qəbul olunan Prezident və onun komandası vasitəsilə gerçəkləşdirilməlidir!
Hörmətli həmvətənlər! Qardaşlar, bacılar!
Xalqımızın, övladlarımızın xoşbəxt gələcəyi, məmləkətimizin mövcud rejimdən xilası naminə 9 oktyabr tarixdə keçiriləcək Prezident seçkilərində hamılıqla iştirak edib, səs verməliyik. Gəlin, ürək qızdırdığımız, inandığımız, Bizlərə hörmət, qayğı və səmimiyyətlə yanaşan namizədi dəstəkləyək! Bu gün bu namizəd, sadaladığımız məsələlərin məsuliyyətini öz üzərinə götürən, dünya şöhrətli alim, professor Cəmil Həsənlidir!
Biz də öz tərəfimizdən, demokratik elektoratı birləşdirən Milli Şuranın Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədi bizim Cəmil müəllimə: - "Verdiyim hər bir vədi, hər bir sözü, həyatım bahasına olsa belə yerinə yetirəcəyəm!” – deyən layiqli Namizədimizə səs verək!
Sizlərə böyük sevgi və sayğılarla,
Eldəniz Quliyev,
Mehdibəy Səfərov
"EL” Hərəkatı və Milli Şuranın üzvləri