Azərbaycan Vəkillər Kollegiyası Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun sifarişi ilə vəkil Xalid Bağırovun fəaliyyətinə bir illik qadağa qoyub. Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təzyiqləri artıq sistemli xarakter alıb.
Bundan əvvəl Vəkillər Kollegiyası vəkil Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Hidayət Süleymanov və Osman Kazımovu da Kollegiya üzvlüyündən xaric etmişdi. Xalid Bağırov da Kollegiyadan uzaqlaşdırılan digər vəkillər kimi müstəqil fəaliyyət göstərən azsaylı vəkillərdən biridir. Kollegiyanın bu hərəkəti bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti ölkədə müstəqil düşünən, qanunu və öz müştərilərinin maraqlarını qoruyan vəkillərə qarşı təqibləri gücləndirib.
Bütün bunlar hazırkı rejimin "ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirilməlidir" - bu barədə İctimai Palatanın bu gün yayılmış bəyanatında deyilir.
Bütün bunların davamı kimi bu gün növbəti vəkil cəzalanmaya məruz qalıb. Nəsimi rayon məhkəməsində mühakimə edilən Rüfət Hacıbəylinin vəkili Elçin Namazov (foto) icraçı hakim Şahin Abdullayev tərəfindən prosesdən kənarlaşdırılıb. Bu barədə KİV-ə vəkil Elçin Namazovun özü məlumat verib. Səbəb kimi isə Elçin Namazovun vəkillik etikasını pozması göstərilir.
Elçin Namazov baş verənləri belə izah edir: "Məhkəməyə vəsatət və etiraz vermişəm. Əvvəlcə vəsatəti qəbul etmədi. Vəsatətimi qəbul etmədiyinə görə, məhkəməyə etiraz verdim ki, siz düz eləmirsiz. Hakim yenidən etirazımı götürüb heç bir müzakirə etmədən rədd elədi. Bu cür rədd eləmə qanunvericiliyə də ziddir. Qanunda vardır ki, etiraz müşavirədə və proses iştirakçıları ilə müzakirə olunduqdan sonra rədd oluna bilər. Lakin hakim Şahin Abdullayev verdiyimiz etirazı heç bir müzakirə etmədən əlinə alan kimi baxılmamış saxladı. Sonra bununla bağlı bir az mübahisə yarandı. Mən öz etirazımı bildirdim. Hakimlər müşavirəyə yollanıb qayıtdıqdan sonra bildirdilər ki, Elçin Namazov Rüfət Hacıbəylinin işindən uzaqlaşdırılsın və barəsində cinayət işinin başlanılması üçün prokurorluğa və vəkillər kollegiyasından çıxardılması üçün kollegiyaya məlumat verilsin. Qərarı istədim, hakim bildirdi ki, qərarı gedərsən prokurorluqda verəcəklər. Bu əvvəlcədən planlaşdırılmış bir şey idi. Məndə məlumat var idi ki, bu şəkildə vəziyyət yaradıb həmin qərarı verəcəklər. Mən bunu indi yox, düz 3 gün bundan əvvəl bilirdim.”