Главная » 2012»Август»8 » Azərbaycan və İran Prezidentlərinə müraciət ünvanlanıb
22:21
Azərbaycan və İran Prezidentlərinə müraciət ünvanlanıb
Avropa Təbiət Elmləri Akademiyasının akademiki proffessor Qüdrət İsaqovun təşəbbüsü ilə Azərbaycan Respublikası, İran İslam Respublikası və Türkiyə Cumhuriyyətindən olan facebook sosial şəbəkəsi istifadəçiləri: tanlnmış alimlər, siyasətçilər, politoloqlar, jurnalistlər Azərbaycan və İran prezidentlərinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir: "Azərbaycan Respublikasının (AR) vətəndaşları olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə qanun çərçivəsində İran İslam Respublikasına (İİR) səfərləri zamanı cari ilin may ayında Təbriz şəhərində İİR-nın hüquq mühafizə orqanları tərəfindən narkotik qaçaqmalçılığı və casusluq ittihamı ilə həbs ediliblər. Oxşar ittihamlarla AR-nın hüquq mühafizə orqanları riyaziyyatçı alim, jurnalist Hilal Məmmədovu cari ilin iyin ayında Bakı şəhərində həbs edib.
Bu həbslər Azərbaycanda, İranda, eləcədə dünyada birmənalı qarşılanmayıb və böyük narahatlıq yaradıb. Beynəlxalq hüquq müdafiə təşkilatları bu həbslərin arxasında siyasi məqsədlərin durması və irəli sürülən ittihamların əsassızlığı ilə bağlı bəyanatlar veriblər.
İnsan hüquq və azadlıqlarına hörmət, demokratiya, sülh, tolerantlıq, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək dəyərlərin qorunmasına və təşviq edilməsinə yüksək ehtiyac duyulduğu indiki zamanda iki gənc şairin İİR-da, alim-jurnalistin AR-da analoji və şübhəli ittihamlarla həbsi əsas insan hüquq və azadlıqlarına, beynəlxalq hüquq prinsipinə zidd olmaqla yanaşı, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında olan normal qonşuluq münasibətlərinə də xələl gətirir.
Sonda Müraciət müəllifləri Prezidetləri oxşar ittihamlarla İİR-da həbs edilən şairlər: Fərid Hüseyn və Şəhriyar Hacızadənın və AR-da həbs edilən alim – jurnalist: Hilal Məmmədovun həbsdən azad edilməsi, o cümlədən onların hüquqlarının bərpa edilməsi üçün səylərin birləşdirilməsinə çağırırlar. Müraciət bu sözlərlə tamamlanır: "Yalnız Sizlərin iradəsilə atıla bilən belə bir addım insan hüquq və azadlıqlarına hörmət kimi ümumbəşəri prinsipin qorunmasına və müdafiə edilməsinə töhfə ola bilər. Sizin bu xeyirxah addımınız Azərbaycan-İran münasibətlərinin indiki həssas məqamında qarşılıqlı anlaşmanın yeni perspektivlərin yaranmasına gətirər".