Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sürəti: aidiyyatı dövlət təşkilatlarına
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov tərəfindən
ƏRİZƏ
Cənab Prezident!
Yazıb nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikasının Prezidentinin 1992-ci ildə verdiyi "Milli azlıqların hüquqlarının qorunması barədə” fərmanın, son 20 ildə, biz talışlara nisbətdə heç bir bəndi həyata keçirilmir. Belə ki, həmən fərmana əsasən milli azlıqların mədəniyyət mərkəzləri dövlət tərəfindən iş otağı-ofislə təmin olunmalıdır, lakin çox təəsüf ki, bu gün Respublika Talış Mədəniyyət Mərkəzinin ofis problemi ilə bağlı bütün müraciətləri cavabsız qalır, həmən fərmana əsasən milli azlıqların dilində qəzet və jurnal çapına dövlət dəstək verməli olduğu halda, biz yeganə talışdilli qəzet olan "Tolışon Sədo” qəzetini şəxsi hesabımıza dərc etdiririk, dəfələrlə Sizə və KİVDDF-na etdiyimiz müraciətlər cavabsız qalmış, şifahi cavabda isə dövlətin müstəqil qəzetlərə yardım etməməsi vurğulanmışdır. Lakin Sizin fərmanınız ilə 31 adda qəzetə ümumən 2 milyon manat, bəzi qəzetlərə 95 min manat yardım ayrıldığı halda, bizim qəzet həmən siyahıya salınmamış və nəticədə qəzetimiz nəzərdə tutulmuş qayğıdan kənarda qalmışdır.
Cənab Prezident!
Həmçinin Respublika Talış Mədəniyyət Mərkəzinin İctimai Televiziya və radio yayımları Şurasına talış dilində tv və radio verilişlərin verilməsi ilə bağlı müraciətləri də baxılmamış qalmış, republikamızın ikinci böyük etnosu olan talışların ədəbi dillərinin inkişafının qarşısı qismən alınmışdır.
Cənab Prezident!
Dövlət büdcəsindən milli azlıqların adı ilə əmək haqqı alan, bu statusdan irəli gələn vəzifələri yerinə yetirməyən məmurların bəhrələndiyi "milli məsələlərin həlli üçün ayrılan” böyük vəsaitlərdən Azərbaycan Prezidentinin 1992-ci il fərmanının icrası üçün istifadə edilmirsə, qeyri-azərbaycan dilli qəzet və jurnallara həmən vəsaitdən yardım ayrılmırsa, Azərbaycanda milli məsələlərin həlli bərbad vəziyyətdədirsə, həmən məmur ordusunun havayı maaş almasını anlamaq qeyri-mümkündür.
Cənab Prezident!
Ümüdvaram ki, bu müraciətimdə "qara rəng” axtarılmayacaq, Respublika Talış Mədəniyyət Mərkəzi və qəzetimiz dövlət hesabına ofislə təmin ediləcək, hər iki orqan maliyyə yardımı ilə təmin olunacaq və tərəfinizdən Azərbaycanın köklü xalqı olan talışların mədəni inkişafı üçün hər cür şərait yaradılacaqdır.
Hörmətlə,
Rafiq Cəlilov
Respublika talış mədəniyyət mərkəzinin sədri
27 aprel 2013-cü il