Bu ilin sonundan Azərbaycanda rəqəmsal teleyayıma keçidə başlanılacaq, 2012-ci ildən isə analoq yayım tamamilə dayandırılacaq. Bu barədə Azərbaycanın Milli Televiziya və Yayım Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayımın tətbiqi üzrə işi davam etdirir və noyabra kimi bu cür yayımın ölkənin 85-90% ərazisini əhatə edəcəyi gözlənilir.
"Bundan sonra rəqəmsal yayımın başlanması haqqında qərar qəbul olunacaq”, - Məhərrəmli vurğulayıb.
Rəqəmsal yayım tezlikdən səmərəli istifadəyə, təsvirin keyfiyyətinin yaxşılaşdırılmasına, istifadə olunan ötürücülərin azaldılması şəklində enerjiyə qənaət olunmasına imkan yaradacaq.
Bakıda bir paketdə əhaliyə 10 telekanalın proqramı (9 ümummilli kanal və Türkiyənin TRT kanalı) təklif olunacaq.
N.Məhərrəmlinin sözlərinə görə, rəqəmsal yayımın texniki tətbiqi ilə bağlı problem yoxdur. Lakin televizorların rəqəmsal yayım standartlarına uyğun olmaması ilə bağlı çətinliklər var.
Rəqəmsal yayımda analoq televizorların istifadəsi üçün onlara 30-40 manat dəyərində olan xüsusi dekoderlər quraşdırmaq lazımdır.
Yerli "Kür” və "Peyk” zavodlarında dekoder istehsalı təşkil olunur. Bu, onların qiymətini aşağı salacaq.
N.Məhərrəmli aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsinin, məsələn, ünvanlı sosial yardım alan ailələrə dekoderlərin pulsuz verilməsinin vacibliyini qeyd edib.