Azərbaycan ərazisindən TALISH.ORG saytına giriş dayandırılıb
13 fevral 2017-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazisindən TALISH.ORG saytına giriş mümkün deyildir. Sual oluna bilər: Son günlər nə baş verib ki, bu Azərbaycan hökümətini TALISH.ORG saytına girişi dayandırmaq haqqında qərar çıxarmağa vadar edib?
TALISH.ORG saytı Tolışi Sədo qəzetinin elektron versiyasıdır. Tolışi Sədo qəzeti 2012-ci ildən, onun baş redaktoru Hilal Məmmədov Azərbaycan höküməti tərəfindən şərlənərək, saxta ittihamlarla həbs edildikdən sonra, nəşrini dayandırıb. Bu gün də maliyə imkanları üzündən qəzeti buraxmaq mümkün deyildir. Bundan irəli gələrək TALISH.ORG saytı da əvvəlki illərdə olduğu kimi hadisələrə cevik reaksiya verə bilmir, onun fəaliyyət yükü xeyli azalıb.
TALISH.ORG saytı Azərbaycan Respublikasının qanunvericiliyi daxilində fəaliyyət göstərir. Sayt Azərbaycan Resbuplikasının ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. TALISH.ORG Azərbaycan Respublikasının hüdudları daxilində Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində sivil mübarizə vasitələrlə bu məmləkətin köklü xalqı olan talışlara münasibətdə sivil dünyanın qəbul etdiyi hüquqlarla bağlı mübarizəyə üstünlük verir. Sayt məzmun etibarıla daha çox talışların mədəni və sosial sahədə baş verən informasiyalara yer ayırır, talış dilinin öyrənilməsinə, talış mədəniyyətinin təbliğinə diqqət yetirir. TALISH.ORG-un oxucularının 90 faizi Azərbaycanda yaşayan talışlardır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq TALISH.ORG saytına Azərbaycan Respublikası höküməti tərəfindən qadağa qoyulması Azərbaycan Respublikası Konstitusiyasının 12 maddəsinin 2-ci hissəsinin, habelə 44, 45 və 47-ci maddələrində nəzərdə tutulan hüquqların birbaşa kobud şəkildə pozuntusudur. Azərbaycan hökümətinin belə hərəkəti həmçinin onun öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusən də 1950-ci il İnsan haqları haqqında Konvensiyaya və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta daban-dabana ziddir.
Bizim üçün Azərbaycan hökümətinin belə bir addımın dəqiq səbəbləri naməlumdur. Görəsən, talışların elementar milli-mədəni hüquqlarına bu kimi sayğısızlığın nümayişkaranə şəkildə ifadəsi (son xoşagəlməz olayla müqayisədə) daha çirkab məqsədlərə xidmət etmirmi?
TALISH.ORG