Azərbaycan bizim doğma vətənimizdir. Və bu gün hamımız arzu edirik ki, ölkəmizdə mövcud olan dini tolerantlıq kimi, milli tolerantlıq da təşəkkül tapsın. Azərbaycan adlanan məmləkətin qəmi də, kədəri də bizimdir; burada yaşayan talışlar, yəni bizlər bu ölkənin, eləcə də ölkə vətəndaşlarının ayrılmaz hissəsiyik. Həm dövlətçilik, müstəqillik baxımından, həm də mənəvi-etik-ruhi dəyərlər baxımından - VAHİDİK. Başqa cür düşünüb bu birliyə nifaq toxumu səpmək istəyənlərin arzuları ürəklərində qalacaq. Buna mənim qətiyyən şübhəm yoxdur!
Yazıcı, dramaturq və böyük alim Kamal Abdullanın Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin olunması bizlərdə Azərbaycanda yaşayan aborigen xalqlar və etnik azlıqlarla bağlı mövcud olan problemlərin həll ediləcəyinə böyük ümidlər yaradıb. Mən inanıram və əminəm ki, bu gün biz, Kamal müəllimin bu yöndə atdığı mütərəqqi addımlarına dəstək verib ona kömək olsaq, mütləq şəkildə milli nailiyyətlər əldə edəcəyik. Ən başlıcası isə, görkəmli Azərbaycan ziyalısı Eldəniz Quliyevin illərdi ki, irəli sürdüyü "AZƏRBAYCAN EVİ" ideyasının reallaşdırılması yönündə birgə və düşünülmüş fəaliyyət nümayiş etdirməli və bu yolda heç nədən çəkinməməliyik.
Tanrı Azərbaycanımızı qorusun! Tanrı Talışı hifs etsin! Amin!