Noyabrın 25-də sabah saatlarından etibarən Azərbaycanda minlərlə insan Məhəmməd peyğəmbərin (s) nəvəsi və imam Əlinin (ə.s.) oğlu imam Hüseynin (ə.s.) anım mərasimində iştirak etmək üçün məscidlərə üz tutublar. Dindarların daha möhkəm mövqəyə sahib olduğu ölkənin cənub bölgələrinin, Bakı kəndlərinin sakinləri xüsusi fəallıq nümayiş etdirir. Məscidlərin ətrafında gücləndirilmiş polis dəstələri yerləşdirilib, yollarda avtomobillər üçün hərəkət isə məhdudlaşdırılıb.
Şəhərin mərkəzində "Mavi məscid” ətrafında gücləndirilmiş polis kordonu var, burada əsasən sünnilər ibadət edir. Lakin dindarlar məscidə buraxılmır. Göründüyü kimi, hakimiyyət hər-hansı təxribatdan çəkinir.
Ənənəyə görə günortaya qədər işləmək qadağandır. Bu gün adətən ehsan paylanılır və küçələrdə bütün arzu edənlər üçün çay, şərbət, şirniyyat düzülmüş masalar görmək olar.
Son illər matəm ayı olan Məhərrəm ayının gəlməsi ilə donor qanı verilməsi ənənəsi yaranıb. Bu gün də məscidlərdə ehtiyacı olanlar üçün qan toplama aksiyası keçirilir. Bu mərasim dindarların metal zəncirlərlə özlərini döyməsi şəbihini əvəz etmək məqsədi daşıyır.
"Təzə pir”, "Əjdərbəy”, "Cümə”, Nardaran məscidlərində daha çox tədbirlər keçirilir.
Aşura Məhərrəm ayının (noyabrın 6-da başlayıb) 10-cü günüdür. 680-ci ilin bu günündə imam Hüseynin (ə.s.) 70 nəfərdən ibarət dəstəsi Kərbəla şəhəri yaxınlığında Əməvilərin çoxsaylı qoşunları ilə qeyri-bərabər döyüşdə məğlub olub. Həmin vaxtdan etibarən imam Əli (ə.s.) tərəfdarları (şiəliyin baniləri) Aşuranı ümumi matəm kimi qeyd edir.
İmam Hüseyn (ə.s.) Əməvilərin islam dininin Məhəmməd peyğəmbər (s) tərəfindən qoyulmuş əsaslarını təhrif etməsinə qarşı mübarizə aparırdı.
Bundan başqa, Məhərrəm və ondan sonrakı Səfər ayında (imam Hüseynin (ə.s.) vəfatından etibarən 40 gün ərzində) şiələr toy və digər təntənəli mərasimlərin keçirilməsindən yayınır.